“İqtisadçı”nın transferləri davam edir

“İqtisadçı”nın transferləri davam edir

Ötən mövsüm Super-liqanın gümüş medallarına yiyələnən "İqtisadçı” klubu hazırlıqlarını davam etdirir. Bu il güzəştli kart sayəsində Çempionlar Liqasına vəsiqə qazanan universitet komandası bir neçə güclü voleybolçunu heyətinə cəlb edib. Qarşısına yaxşı komanda yaratmağı məqsəd qoyan klub rəhbərliyi güclü voleybolçuların keçidini həll etməklə ölkə çempionu adını qazanmaq istəyir. Artıq komanda bir neçə voleybolçunun transferini həyata keçirib. Belə ki, ABŞ millisinin üzvü Kim Vilouqbi bundan sonra universitet komandasının uğurları üçün çalışacaq. Komanda rəhbərliyi 33 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlayıb. Kim yeni komandasına Puerto-Rikonın "Pinkin de Korozal” klubundan transfer edilib. 180 sm boya malik Kim karyerasına "University of Havaii” (1999-2003) klubunda başlayıb. O, "Kriollas de Kaqaus” (2003-2005), "Valenkianas de Yunkos” (hər ikisi Puerto-Riko, 2009, 2011-2012), "Mursiya” (İspaniya, 2005-2006), "Santeramo Sport” (2006-2007), "Çyeri” (2007-2008) və "Peruca” (hamısı İtaliya, 2008-2009) klublarında da çıxış edib. Kim çıxış etdiyi komandalarda Puerto-Riko (2005) və İspaniya çempionatının qızıl medalını (2006) qazanıb. O həmçinin 2009-cu ildə Çempionlar Liqasının üçüncüsü olub. 2008-ci ildən öz millisinin heyətində çıxış edən voleybolçu elə həmin il Pekin Olimpiadasının finalında mübarizə aparıb. Bununla bərabər, "tələbələr” 176 sm boya malik 27 yaşlı, Onuma Sittirakla da müqaviləni yeniləyiblər. 2004-cü ildə Asiya Çempionlar Liqasının ən gözəli seçilən Tailand millisinin üzvü daha 1 il "İqtisadçı”nın uğurları üçün çalışacaq. "Tələbələr” ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə bağlayıblar. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna qədər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan voleybolçu bu il həmin yarışın qalibi olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika oyunlarında komanda ilə birlikdə bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu həmçinin gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb. "İqtisadçı” klubu həmçinin Çin millisinin oyunçusu Vey Kiuyue ilə razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə bağlanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib. 182 sm boya malik toppaylayıcı "Tianjin”lə 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, ölkə çempionatında gümüş medal da qazanıb. 2006-cı ildə əsas milliyə dəvət alan voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue komandası ilə birlikdə Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya Kubokunun (2008, 2010) qalibi olub. Çinli oyunçu qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin 1 gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medalına layiq görülüb.
Bakı təmsilçisi Çin millisinin toppaylayıcısı Vey Kiuyuenin ardınca orta sahə oyunçusu Yun Ven Manı da heyətinə cəlb edib.


189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, "İqtisadçı”ya "Şanxay” klubundan transfer edilib. Ma komandası ilə birlikdə 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub. 2005-ci ildən əsas yığmaya çağırılan oyunçu burada 189 oyunda qüvvəsini sınayıb. Millisi ilə o 2 dəfə Asiya kuboku (2008, 2010), 2 dəfə Asiya çempionatı (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya kubokunun üçüncüsü olub. "İqtisadçı” Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının sabiq oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb. Flier Azərbaycan voleybolsevərlərinə yaxşı tanışdır. Ötən il "Azəryol”da ("Azərreyl”) oynayan 29 yaşlı legioner Rusiya "Omiçka”sına keçməyə yaxın olsa da, son anda fikrini dəyişərək ölkəmizdə qalıb. Serena isə "İqtisadçı”ya Polşanın "Bank Fakro” klubundan transfer olunub. 32 yaşlı toppaylayıcı yığması ilə 1998 ildə Avropa çempionu olub. O, komandaları ilə birlikdə həmçinin Polşa çempionluğunu, ölkə və CEV kubokunu qazanıb. Paytaxt təmsilçisi almaniyalı Lenka Dürrün keçidini də həll edib. Bundan sonra o, universitet komandasının uğurları üçü çalışacaq. 23 yaşlı libero "Rote Raben” klubundan transfer edilib. Onunla növbəti mövsüm üçün razılıq əldə edilib. Dürr özünü yaxşı tərəfdən göstərərsə, müqavilənin artırılması istisna olunmur. 171 sm boya malik Lenka karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Azərbaycan Super-liqasının yeni üzvü "Rote Raben”dən başqa, "Straubinq” klubunda (2005-2006)-da qüvvəsini sınayıb. 2008-ci ildən əsas milliyə dəvət alan Dürr bundan 1 il əvvəl 18 yaşınadək voleybolçular arasında Avropa, 2009-cu ildə U-20-lər arasında dünya çempionluğunu komandası ilə birlikdə bayram edib. Elə həmin il komandası ilə birlikdə Qran-prinin bürünc medalını qazanıb. Bununla yanaşı, o, komandası ilə birlikdə 2 dəfə Almaniya çempionatının (2008, 2010) və 1 dəfə ölkə kubokunun (2009) qalibi adına yiyələnib.
"İqtisadçı” Serbiya millisinin ulduz voleybolçusu Brizitka Molnarı da komandanın heyətinə cəlb etmək istəyir. Bakı təmsilçisi son mövsümdə "Qalatasaray”da forma geyinən 28 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Onun "İqtisadçı” ilə tezliklə razılığa qəlib, müqaviləyə imza atması istisna edilmir. Karyerasına yerli ZOK Klek-də başlayan (2000-2006) Molnar ardınca Rumıniyada "Metal Qalati” (2006-2009), Yunanıstanda "Panatinaikos” (2009-2011) və Yaponiyada NEC klubunun şərəfini qoruyub. Komandası ilə birlikdə 3 dəfə Rumıniya, 2 dəfə Yunanıstan çempionu olan voleybolçu ölkə kuboklarının 4 dəfə qızıl medalına sahib çıxıb. "Metal Qalati” ilə 3 dəfə kuboku başı üzərinə qaldıran Brizitka bu uğura 1 dəfə də "Panatinaikos”la imza atıb. 2012-ci ildə Türkiyə Super-kubokunda mübarizə aparan oyunçu komandası ilə birlikdə sön mövsümdə bürünc medal qazanıb.
Brizitka öz millisinin heyətində Avropa çempionu (2011) və Avropa Liqasının 3 dəfə qalibi (2009, 2010, 2011) olub. Qitə çempionatında, gümüş medala yiyələnən (2007) voleybolçu dünya çempionatında (2006) və dünya Qran-prisində (2011) 3-cü yerə çıxıb.
Komandaya əlavə voleybolçuların da transfer edilməsi mümkündür. Çünki çempionatın başlanmasına hələ bir müddət vaxt var. Buna qədər yəqin ki, digər güclü voleybolçuları da komandanın heyətində görə biləcəyik.