"Rabitə”nin yeni baş məşqçisinin adı müəyyənləşib. Son ölkə çempionu italiyalı Angiolino Frigoni ilə danışıqları müsbət yekunlaşdırıb. Paytaxt təmsilçisi təcrübəli mütəxəssislə 2 illik müqavilə bağlayıb. 59 yaşlı italiyalı məşqçinin son iş yeri Rusiyanın kişilərdən ibarət "Ural” klubu olub. O, 2007-ci ildən etibarən Ufa komandasına rəhbərlik edib. "Rabitə”nin yeni baş məşqçisi buna qədər "Qabeca” (1983-1990) və "Novara” (2004-2005, hər ikisi İtaliya) klublarına məşqçilik edib, Hollandiyanın qadınlardan ibarət komandasında əsas məşqçi vəzifəsində işləyib. Bundan əlavə o, İtaliyanın kişilərdən ibarət komandasında ikinci məşqçi funksiyasını yerini yetirib. Frigoni 3 dünya (1990, 1994, 1995), 3 Avropa (1989, 1993, 1995) və 5 liqa tituluna sahibdir. O, apeninlilərlə 1999-cu ildə Avropa çempionatının bürünc medalını qazanıb. İtaliyalı mütəxəssis öz ölkəsinin komandasına Sidney Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazandırıb.
Azərbaycan çempionu yeni baş məşqçisinin qarşısına, həmişəki kimi, iştirak edəcəkləri yarışlarda çempionluq əldə etmək məqsədi qoyub.
Qeyd edək ki, Frigonidən əvvəl "Rabitə” klubuna italiyalı Marçello Abbondanza başçılıq edirdi. Komanda rəhbərliyi yeni mövsümdən onunla müqavilənin müddətini uzatmadığı üçün o, növbəti mövsümdən digər komandanın uğurları üçün çalışacaq.