İyunun 22-23-də Bakıda idman dırmanması üzrə Dünya kuboku yarışı keçirildi. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə sürət mərhələsi üzrə keçirilən yarışda 11 ölkədən (Çexiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Ukrayna və Azərbaycan) 69 idmançı qalib adı uğrunda mübarizə aparırdı. Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında keçirilən yarışda ölkəmizi 17 idmançı təmsil edirdi.
İyunun 22-də keçirilən yarışın təntənəli açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti, Azərbaycan Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) prezidenti Marko Skolaris, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayı İsmayılov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər. Əvvəlcə səhnəyə komandalar dəvət olundular.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq, idmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi. O, Azərbaycanın dünyada qabaqcıl idman ölkəsi kimi tanınmısını bu sahəyə göstərilən dövlət qayğısından irəli gəldiyini vurğuladı. Azərbaycanın bir sıra nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini xatırladan Azad Rəhimov ölkəmizdə idman dırmanması üzrə ilk dəfə təşkil olunan Dünya kubokunun gənclərin bu növə marağının artırılması baxımından böyük əhəmiyyətə malik olduğunu dedi. Azad Rəhimov 2014-cü ildə ölkəmizdə şahmat üzrə Dünya kubokunun, 2015 ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının ölkəmizdə təşkil olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, Azərbaycanın bu yarışlara ev sahibliyi etməyə hazır olduğunu dedi. Azad Rəhimov yarış iştirakçılarına uğurlar arzuladı və ən güclü idmançının qalib gələcəyinə əmin olduğunu bildirdi.
Sonra söz Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırova verildi. Tədbirə toplaşan qonaqları, yarış iştirakçılarını salamlayan federasiya prezidenti ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişlərin əldə olduğunu diqqətə çatdırdı. Azərbaycan idmançılarının 2012-ci il London Olimpiya Oyunlarında qazandığı nailiyyətlərdən söz açan Hüseyn Bağırov əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğı sayəsində mümkün olduğunu bildirdi. O, yarışın Dövlət Bayraq Meydanı kimi möhtəşəm məkanda keçirilməsini dövlətimizin idmana olan diqqət və qayğısının bariz nümunəsi olduğunu dedi və ölkəmizdə idman dırmanması idman növünə olan müsbət münasibətin nəticəsi kimi qiymətləndirdi.
Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə öz minnətdarlığını bildirdi. O, bu yarışın idmansevərlər üçün gözəl bayrama çevriləcəyinə əmin olduğunu dedi.
Sonra Azərbaycanın Dövlət himni səsləndirildi. Tədbir Azərbaycanın milli rəqs qruplarının maraqlı çıxışları ilə davam etdirildi.
Yarışın birinci günü kişi və qadınlar arasında təsnifat mərhələsi keçirildi. Yarışa Rusiya, Faransa, Çexiya kimi sürət yarışlarında yüksək titulları olan idmançıların qatılması mübarizəni daha da gərgin edirdi. Qeyd edək ki, bu idmançılardan qadınlar arasında 2011-ci ilin dünya çempionu Mariya Krasavina (Rusiya), dünya çempionatının bürünc mükafatçısı Tamara Kuznetsova (Qazaxıstan), Avropa kubokunun sahibi, 2013-cü ildə Fransada keçirilən Hərbçilərin Ümumdünya Oyunlarının gümüş mükafatçısı,bu ilin Rusiya çempionu Alina Qaydamakina (Rusiya) kimi güclü idmançılar mübarizəyə qoşulmuşdular. Kişilər arasında isə titullu idmançılardan Dünya kubokunun gümüş mükafatçısı, Avropa kubokunun bürünc mükafatçısı Hroza Ubor (Çexiya), dünya çempionu, estafet üzrə dünya çempionatının qalibi, əməkdar idman ustası, dünya rekordunun sahibi (5.88 san) Yevgeni Vayçekovsk (Rusiya), dünya çempionatının bürünc mükafatçısı Dmitri Timofeyev (Rusiya), əməkdar idman xadimi, estafet yarışlarının dünya çempionu, Avropa kubokunun gümüş mükafatçısı, Yekaterinburqda yerləşən dağ idman növləri məktəbinin direktoru Sergey Sinitsin (Rusiya) kimi güclü idmançılar qüvvələrini sınayırdılar. Qeyd edək ki, dünyada sürət yarışlarında ən yüksək pillələri qazanan Rusiya təmsilçiləri bu sahədə 10 illik təcrübəyə malikdirlər. Müqayisə üçün deyək ki, Azərbaycanda bu idman növü hələ çox gəncdir və komandamızın heyətində yer alan ən güclü idmançımız bu sahədə 1-2 illik təcrübəyə malikdir. Yarışların final mərhələsinə 16 kişi və 16 qadın idmançı vəsiqə qazandı. Həlledici mərhələdə 8 ölkənin (Polşa, Ukrayna, Rusiya, Fransa, Avstriya, Qazaxıstan, İtaliya, Çexiya) təmsilçiləri qalib adı uğrunda mübarizə apardılar.
Beləliklə, kişilər arasında ən yüksək nəticəni Rusiya təmsilçisi Stanislav Kokorin (6.28 san) göstərdi. O, bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Ukraynalı atlet Yaroslav Qontaryuk (6.75 san) gümüş, italiyalı Leonardo Qontero (6.66 san) isə bürünc medala layiq görüldü. Qadınların mübarizəsində Rusiya təmsilçiləri ən güclü olduqlarını sübuta yetirdilər. Rusiya yığmasının üzvü Yuliya Kaplina (8.08 san) çempion adını qazandı. Onun komanda yoldaşı Alina Qaydamakina (8.27 san) ikinci pillədə qərarlaşdı. Aleksandra Rudzinska (Polşa) (8.64 san) üçüncü yeri tutdu. Ölkəmizdə təşkil olunan dünya kubokunda maraqlı məqamlardan biri də qadınlar arasında yeni dünya rekordunun müəyyənləşməsi oldu. Belə ki, qadınlar arasında dünya kubokunun qalibi olan Yuliya Kaplina 8.05 nəticə ilə yeni dünya rekorduna imza atdı.
Yarışın sonunda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseyn Bağırov çıxış edərək qalibləri təbrik etdi, yarış iştirakçılarına və qonaqlara təşəkkürünü bildirdi. O, Azərbaycanın idman dırmanması üzrə növbəti Dünya kubokuna ev sahbibliyi etməyə hazır olduğunu dedi. Daha sonra çıxış edən Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti M. Skolaris idmançıları təbrik etdi və yarışın yüksək səviyyədə təşkilində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirdi.
Yarışın sonunda qaliblərə medallar və pul mükafatları təqdim olundu. Daha sonra FAİREX-in prezidenti Hüseyn Bağırov Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolarisə xatirə hədiyyəsi kimi Azərbaycanda istehsal olunmuş planşet verdi. Marko Skolaris isə öz növbəsində Hüseyn Bağırova üzərində beynəlxalq federasiyanın adını əks etdirən və dırmananların istifadə etdiyi tutacaq hədiyyə etdi. Tədbirin sonunda FAİREX-in prezidenti Hüseyn Bağırov Beynəlxalq İdman Dırmanması Federasiyasının bayrağını Marko Skolarisə təqdim etdi.
Ölkəmizdə idman dırmanması üzrə təşkil olunan Dünya kuboku ilə bağlı idman rəsmilərinin fikirlərini oxucularımıza təqdim edirik:
"Ölkəmizdə idman dırmanmasının
inkişafı üçün çox gözəl şərait var”
Azad Rəhimov, gənclər və idman naziri:
- Ölkəmizdə ilk dəfədir ki, idman dırmanması üzrə Dünya kuboku yarışı keçirilir. Azərbaycan dünyada əlverişli iqlimdə yerləşir. Ölkəmizdə idman dırmanmasının inkişafı üçün çox gözəl şərait var. Sevindirici haldır ki, bu gün ölkəmizdə alpinizim və idman dırmanmasına maraq artmaqdadır. Bunun üçün yeni idman qurğuları və arenalar tikilərək gənclərin istifadəsinə verilir. Bu da idmançılarımızın bu idman növləri ilə məşğul olmasına və uğur qazınmasına müsbət təkan verəcək. Çalışacağıq ki, gələcəkdə bu növə daha çox idmançı cəlb olunsun və bu sahədə kütləviliyə nail olaq. Azərbaycanlı gənclər üçün idman dırmanması növü çox vacibdir. Fikrimcə, bu növ böyük kütləni əhatə edə bilər.
"Dünya kubokunun təşkili idman dırmanmasının ölkəmizdə populyarlaşmasına və kütləviləşməsinə şərait yaradacaq”
Hüseyn Bağırov,
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti:
- Ölkəmizdə idman dırmanması üzrə Dünya kuboku yarışının keçirilməsi əlamətdar hadisədir. Yarışın ölkəmizdə təşkil olunmasının bir sıra müsbət tərəfləri var. Dünya kubokunun təşkili idman dırmanmasının ölkəmizdə populyarlaşmasına və kütləviləşməsinə şərait yaradacaq. Bu yarışda dünyanın ən güclü idmançıları mübarizə apardılar. Bu idmançılar o qədər güclüdürlər ki, yarışma zamanı adamda elə təsəvvür oyanır ki, onlar divarla dırmanmır,sanki divar boyu qaçırlar. Sözsüz ki, bu da idmançıların yüksək peşəkarlağından xəbər verir. Ümidvaram ki, gələcəkdə Azərbaycan idmançıları da yüksək səviyyədə çıxış edərək mükafatçılar sırasında yer alacaqlar. Ekstremal idman növlərinin ölkəmizdə inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən Beynəlxalq İdman Dırmanması Federasiyasının rəhbərliyi Dünya Kubokunun Azərbaycanda keçirilməsinə qərar verib. Qısa müddət ərzində hazırlıq işlərini görməyə çalışdıq. Ölkə rəhbərliyinin bu idman növünə böyük diqqəti və qayğısının nəticəsidir ki, Dünya kubokunun paytaxtımızın ən mötəbər guşəsində keçirilməsinə razılıq verildi. Hazırda idman dırmanmasının Birinci Avropa Oyunlarının siyahısına salınması istiqamətində Beynəlxalq İdman Dırmanması Federasiyası ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında danışıqlar aparılır. Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris ötən gün bu məsələni Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə müzakirə edib. Azərbaycanda bu idman növünə maraq getdikcə artır. 4-5 il əvvəl insanların idman dırmanması növünün mövcudluğu barədə yalnız təsəvvürləri var idi. Amma indi ölkəmizdə Dünya kuboku keçirilir, artıq ölkəmizdə 3 dırmanma divarı istifadədədir. Bütün bu idman qurğuları ödənişsiz və sərbəst olaraq gənclərin istifadəsinə verilib. Hazırda Bayraq Meydanında quraşdırılan sürət üçün dırmanma divarını gələcəkdə başqa məkanda quraşdıraraq gənclərin istifadəsinə verəcəyik.
"Yarışın təşkilatçılığı çox yüksək səviyyədədir”
Marko Skolaris,
Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti:
- Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Dünya kubokunun keçirilməsi üçün seçilən məkan çox gözəldir. Bu yarışda Azərbaycan idmançılarının iştirakı məni çox sevindirir. Ölkənizdə bu idman növü yeni inkişaf etməyə başladığından idmançılarınızın ən güclü rəqiblərlə mübarizə aparmaları üçün müəyyən zamana ehtiyac var. Azərbaycanda idman dırmanmasının yüksək inkişafına böyük ümidlər bəsləyirik. Təəssüf ki, 2 həftə öncə idman dırmanması 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd olan 4 yekun növ siyahısına salınmadı. İdman dırmanmasının Olimpiadanın proqramına salınması üçün geniş imkanları var. Çalışacağıq ki, idman dırmanması 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına daxil edilsin.