Xorvatiyanın Zaqreb şəhərində qılıncoynatma idman növü üzrə Avropa çempionatı keçirilib. Çempionatda Azərbaycanı sablya yarışlarında "Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvləri Sabina Mikina, Aidə Ələsgərova, Sevil Bünyatova və Sevinc Bünyatova təmsil ediblər.
Çempionatın nəticələrinə görə, şəxsi yarışlarda Sabina Mikina 47 idmançı arasında 19-cu yeri tutub.
Komanda yarışlarında idmançılarımız 8-liyə çıxmaq üçün Belarus komandasına 45-44 hesabı ilə qalib gələrək 1/4 finala çıxsalar da, Ukrayna komandasına (39-45) uduzublar. 3-cü görüşü Macarıstan komandası ilə keçirən komandamız mübarizədən qalib (45-41) ayrılıb. Sonunda 5-6-cı yerlər uğrunda qarşılaşmada Fransa komandasına (38-45) məğlub olan qızlarımız 6-cı yeri tutublar.
Qeyd edək ki, komandamız 2 ildir ardıcıl olaraq Avropa çempionatında 6-cı yerə sahib çıxır.
olimpnews.az