Kartinqçimiz Türkiyədə dünya çempionatına vəsiqə qazanıb

Kartinqçimiz Türkiyədə dünya çempionatına vəsiqə qazanıb



İyunun 23-24-də Türkiyənin İstanbul şəhərində kartinq üzrə Türkiyə çempionatının üçüncü mərhələsi keçirilib. Rotax Max Challenge-2013 adlı yarışda yer tutan idmançılar Türkiyəni dünya çempionatının finalında (Rotax Max Challenge Grand Finals 2013) təmsil etmək hüququ qazanıblar.
Qeyd edək ki, dünya çempionatı noyabrın 13-16-da ABŞ-ın New Orleans şəhərində keçiriləcək. Türkiyə çempionatında ölkəmizi həmyerlimiz Gülhüseyn Abdullayev təmsil edib. Kartinqçimiz Türkiyə çempionatında cunior kateqoriyasında 3 yürüş edib. O, bu yürüşlərdən birində finiş xəttini birinci keçib. Gülhüseyn digər iki yürüşdə isə yarışmanı ikinci pillədə başa vurub. Bu uğurlu çıxışı ilə təmsilçimiz noyabr ayında ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. 
Xatırladaq ki, 2006-cı ildən kartinq üzrə yarışlarda iştirak edən Gülhüseyn Abdullayev avtomobil idmanı üzrə beynəlxalq yarışlarda iştirak edən ilk azərbaycanlıdır. Gülhüseyn hər il ənənəvi keçirilən açıq Türkiyə çempionatında iştirak edir. İdmançımız ötən il Türkiyənin açıq çempionatında rotax max junior kateqoriyasında ikinci olmuşdu.

Aysel