Milli Olimpiya Komitəsi və “Caspiantech” QSC yeni tərəfdaşlığa imza atdılar

Milli Olimpiya Komitəsi və “Caspiantech” QSC yeni tərəfdaşlığa imza atdılar


Mayın 21-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və "Caspiantech” Qapalı Səhmdar Cəmiyyəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və "Caspiantech" QSC-nin baş direktoru Vüsal Məmmədov imzalayıblar.
Müqavilə tərəflər arasında informasiya dəstəyi və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında Milli Olimpiya Komitəsi "Caspiantech" QSC-nin dəstəyi ilə ölkədə qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan Komandasının təbliği ilə məşğul olacaq. "Caspiantech" QSC isə Milli Olimpiya Komandasının "Məğrur Tərəfdaşı” qismində çıxış etmək hüququ qazanır.
İmzalanma mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Caspiantech" QSC Azərbaycan komandasına xüsusi diqqətlə yanaşmağı, təşkilati işlərdə dəstək göstərməyi təqdirəlayiqdir. "Caspiantech" QSC-nin qarşıdan gələn Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan komandası ilə birgə əməkdaşlıq etməsi çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”.
"Caspiantech" QSC-nin baş direktoru Vüsal Məmmədov isə öz çıxışında Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirib. "Bu gün Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq əlaqələrinin yaradılması bizi çox sevindirir. Olimpiya Hərəkatının və idmanın ölkədə təbliği çox vacibdir. Biz hər zaman bu işdə MOK-a dəstək olmağa hazırıq. "Caspiantech” olaraq Milli Olimpiya komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox şadıq”, - deyə Vüsal Məmmədov qeyd edib.