Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçının təşkilati işlərində 23 sahə və 40-dan artıq funksiya üzrə 1452 könüllü çalışacaq.
Finalda fəaliyyət göstərəcək könüllülər üçün Bakı Olimpiya Stadionunda "Kick-off” adlı xüsusi salamlama gecəsi təşkil olunub. Tədbiri açıq elan edən Avropa Liqasının finalının yerli təşkilat komitəsinin koordinatorunun müavini Kamran Vəliyev və Avropa Liqasının könüllülər şöbəsinin rəhbəri Yusif Vəliyev bu cür möhtəşəm tədbirin bir hissəsi olduqları üçün könüllülərə təşəkkür edib və onlara uğurlar arzulayıblar. Eyni zamanda, tədbirin əhəmiyyəti, final oyunu günü könüllülərin ümumi iş bölgüsü haqqında tədbir iştirakçılarına məlumat veriblər. Musiqi, xüsusi əyləncə proqramları və maraqlı yarışlarla davam edən əyləncə proqramının sürpriz qonağı isə tanınmış reper Elşad Xose olub. Qeyd edək ki, UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstərici qeydə alınıb. Dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-
dən çox könüllünün qeydiyyatdan keçməsilə UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.