İyunun 1-də Rusiya Milli Olimpiya Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin Həmrəylik Fondunun dəstəyi ilə Moskvada Gənc Olimpiyaçıların Beynəlxalq Forumu işə başlayıb. Forumun məqsədi uşaq və yeniyetmələr arasında Olimpiya hərəkatını təbliğ etmək, onlara Olimpiya mədəniyyəti və dəyərlərini aşılamaq və bu yöndə biliklərini genişləndirməkdir.
Tədbirdə "Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında qatılacaq ölkələrdən idmançılar və rəsmilər iştirak edirlər.
Azərbaycanı tədbirdə idmançılardan Nikita Sitov, Fəxriyyə Tağızadə, Raziyyə Əliyeva, Rüstəm Mürvətov və "Bakı 2019”da iştirak edəcək Azərbaycan komandasının rəhbəri Həsənağa Rzayev təmsil edirlər.
İnteraktiv formada keçirilən tədbir idmançılar arasında dostluq əlaqələrinin qurulmasına yönəldilib. Forumda iştirak edənlər arasında Beynəlxalq Olimpiya Komitəsi, Dünya Antidopinq Agentliyinin rəsmiləri və məşhur olimpiyaçılar da var.