Bu gün 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində iştirak edən məktəblər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunmuş "İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçirilən rəsm müsabiqəsinə yekun vurulub. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katibin müavini Azər Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov və digər rəsmi qonaqlar iştirak edib. Qonaqlar rəsm müsabiqəsinə təqdim edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra qaliblərin mükafatlandırma mərasimində iştirak ediblər. Müsabiqəyə 45 məktəbdən 6-10 yaş kateqoriyasında 60 və 11-14 yaş kateqoriyasında 96 olmaqla ümumilikdə 156 əsər təqdim edilmişdi. Tədbirin açılış mərasimində çıxış edən Çingiz Hüseynzadə rəsm müsabiqəsinin əhəmiyyətdən danışıb. Onun sözlərinə görə məhz bu kimi tədbirlər XV Avropa Gənclər Olimpiya Festivalının daha geniş mahiyyətini ictimaiyyətə çatdırmaqda misilsiz rola malikdir. Çingiz Hüseynzadə çıxışının sonunda müsabiqənin təşkilində xüsusi zəhməti olan 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivinə, Təhsil nazirliyinə, Bakı şəhər Təhsil İdarəsinə, həmçinin Təşkilat Komitəsinə və münsiflər heyətinə xüsusi təşəkkürünü bildirib. Daha sonra çıxış edən Firudin Qurbanov XV Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəbin iştirakı ilə həyata keçirilən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın məktəblilər üçün əhəmiyyətdən söz açıb. Firudin müəllim rəsm müsabiqəsinin Avropa Gənclər Olimpiya Festivalının gənclər arasında təbliğatı, həmçinin Olimpiya təhsilinin məktəblilər arasında təşviqində fərqli və yaradıcı bir vasitə olduğunu xüsusi vurğuladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, professor Ağaəli İbrahimov çıxışlarında müsabiqəyə təqdim edilən əsərlərin təkcə münsiflər heyətinin deyil, həm də proqramın "Facebook” səhifəsi üzərindən geniş ictimaiyyət tərəfindən qiymətləndirilməsinin fərqli və maraqlı yenilik olduğunu qeyd ediblər. Belə yanaşma məktəblilərin əl işlərini daha geniş ictimaiyyətə çatdırmağa kömək edir. Tədbirin sonunda müsabiqənin qaliblərindən ibarət 34 nəfərə (1-ci yer 6 nəfər, 2-ci yer 12 nəfər və 3-cü yer 16 nəfər) Təşkilat Komitəsinin qiymətli hədiyyələri və diplomları təqdim edilib. Tədbir zamanı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlardan ibarət yaradıcılıq kollektivi müxtəlif mahnı və rəqs nömrələri ilə iştirakçılara xoş əhval-ruhiyyə bəxş ediblər.