“Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib

“Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib


II Avropa Oyunlarının "Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı meydanına gətirilib.
Marşrutun sonuncu mərhələsində estafetdə biatlon üzrə dörd dəfə olimpiya çempionu Darya Domraçeva, kanoedə avarçəkmə üzrə olimpiya çempionu Aleksandr Boqdanoviç və yüngül atletika üzrə dünya çempionu Marina Arzamasova iştirak edib.
Adlı-sanlı idmançılar alovu Dövlət Bayrağı Meydanına gətiriblər. Meydanda alovu iki minə yaxın şou iştirakçısı və bayram konsertinin tamaşaçıları qarşılayıblar.
İkinci Avropa oyunlarının məşəli Minsk şəhər İcraiyyə Komitəsinin sədri Anatoli Sivaka, Belarus Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti vəzifəsini icra edən Viktor Lukaşenkoya və Belarus Respublikasının idman və turizm naziri Sergey Kovalçuka təqdim edilib. Sərbəst güləş üzrə üç dəfə olimpiya çempionu, Olimiada-80-in iştirakçısı Aleksandr Medved Dövlət Bayrağı Meydanındakı xüsusi "kasa”dakı odu yandırandan sonra məşəli Belarus idmançılarının müasir nəslinin nümayəndələrinə - samboçu Stepan Popov, qaçışçı Elvira German və marafonçu Olqa Mazuryonoka təqdim edib.
Minsk meri Anatoli Sivak tamaşaçılara və idmançılara müraciətlə qeyd edib ki, Belarus paytaxtı bütün Avropadan gəlmiş qonaqları sevinclə qarşılayır. O deyib: "Minsk qarşıdakı II Avropa Oyunlarının əsas rəmzi olan "Sülh alovu”nu qəbul edir. Bütün Avropa qitəsindən gəlmiş idmançıları və azarkeşləri Belarus paytaxtında qəbul etmək bizim üçün böyük şərəf və sevincdir. Biz parlaq emosiyalarla dolu əsl bayram ab-havası yaratmağa çalışacağıq. Estafetin final marşrutu Minskin ən gözəl guşələrini göstərməyə, onun mehriban sakinləri ilə tanış olmağa imkan verəcək”.
Dövlət Bayrağı Meydanında təşkil edilmiş bayram konsertində Belarusun aparıcı artistləri iştirak ediblər. Populyar müğənni İvan Vabişşeviç və uşaqlar arasında "Vitebsk-2019” müsabiqəsinin iştirakçısı Kseniya Qaletskaya "Sülh alovu” mahnısını ifa ediblər.
Minskdə birinci gün məşəl Qaliblər prospektində nümayiş etdirilib. Bu estafetdə tanınmış mədəniyyət və idman xadimləri Lyubov Çerkaşina, Kamandar Məcidov, Nikolay Alyoxin, Vladimir Qostyuxin, Anatoli Yarmolenko, Valeri Dayneko, Yadviqa Poplavskaya, Olqa Mazuryonok, Sergey Martınov, Tatyana Ledovskaya, Sergey Makarenko və Nataliya Silinskaya iştirak ediblər. II Avropa Oyunlarının alovunu Minskin ən iri müəssisələrində, əsas prospektlərində görəcəklər. Parkların, idmançılar şəhərinin və idmançılar kəndinin görməli yerlərinin ziyarət edilməsi nəzərdə tutulur. Estafetin marşrutu iyunun 21-də "Dinamo” Milli Olimpiya stadionunda idman forumunun açılış mərasimində başa çatacaq.
II Avropa Oyunlarının məşəli mayın 3-də Romadakı "Ara Pacis Museum” kompleksində yandırılıb. Minskə gələn yolda məşəl Avropanın ən yüksək nöqtəsinə - Monblan dağına qaldırılıb. "Sülh alovu” estafetini Sloveniya, Avstriya, Macarıstan, Çexiya, Slovakiya və Polşada qarşılayıblar. Belarusda alov estafeti Brest, Qrodno, Vitebsk, Mogilyov, Qomel və Minsk vilayətlərində olub.
II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox atlet idmanın 15 növündə 200 mükafat dəsti uğrunda mübarizə aparacaq.