İkinci Avropa Oyunları ilə əlaqədar Minskdə Olimpiya məşəlinin alovlandırılması mərasimi keçirilib.
Paytaxtın mərkəzi parkında təşkil olunan mərasimdə Belarus Milli Olimpiya Komitəsinin sədri Georgi Katulin, fiqurlu konkisürmə üzrə rusiyalı Olimpiya çempionu, ikinci Avropa Oyunlarının səfiri Aleksey Yaqudin, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
G.Katulin və A.Yaqudin çıxışlarında ikinci Avropa Oyunlarının əlamətdar hadisə olduğunu, bu mötəbər idman turnirinin regionda sülhə xidmət etdiyini vurğulayıblar.
Belarusun tanınmış idman ustalarının qatıldıqları tədbirdə Olimpiya məşəli alovlandırıldıqdan sonra marafon keçirilib.
Xatırladaq ki, II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı 200 medal dəsti uğrunda mübarizə aparacaq. Azərbaycan "Minsk 2019”da 82 idmançı ilə təmsil olunacaq.