İyunun 22-də Minsk-2019 Avropa Oyunlarında Azərbaycan milli komandası ilk medalını qazanıb.
Akrobatika gimnastikası üzrə ölkəmizi təmsil edən gimnastlarımız Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi cütlüyü dinamik hərəkətlərdə 28,830 xal toplayaraq gümüş medala sahib olub.
Bu yarışda qızıl medalı rusiyalı gimnastlar Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb. Bürünc medala Belarus təmsilçiləri Artur Beliakov-Volna Melnik layiq görülüblər.
Qeyd edək ki, bədii gimnastika üzrə çoxnövçülük yarışlarında təmsilçimiz Zöhrə Ağamirova topla hərəkətlərdə 17,850, gürzlərlə hərəkətlərdə isə 19,225 xal toplayaraq, iki hərəkətin cəmində 37,075 xal toplayıb.