Milli Olimpiya Komitəsində “Zəfər günləri”

Milli Olimpiya Komitəsində “Zəfər günləri”


İyulun 29-da Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri” layihəsi çərçivəsində tədbir keçirilib. MOK-un inzibati binasında təşkil olunan tədbirə XV Avropa Gənclər Olimpiya Festivalında medal qazanan idmançılar və onların ailə üzvləri dəvət olunublar.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, baş katib Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və digər rəsmilər iştirak ediblər.
Əvvəlcə idmançıların zəfər anlarını xatırladan videoçarx nümayiş olunub. Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mükafatçıları təbrik edib. O bildirib ki, Azərbaycan növbəti dəfə öz qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə bütün Avropanı heyran edib: "Bu gün ölkə idmanının yeni qələbəsini qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə idman və Olimpiya Hərəkatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Atletlərimiz müxtəlif səviyyəli beynəlxalq yarışlarda bir qayda olaraq böyük uğurlar qazanırlar. Ölkəmizdə böyük idman tədbirləri keçirilir. Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən ölkəmiz XV Avropa Gənclər Olimpiya Festivalına da böyük uğurla ev sahibliyi etdi. Gənc idmançılarımız 23 medal qazanaraq, Olimpiya Festivalını medal qazanan ölkələr arasında 4-cü pillədə başa vurdular. Bu böyük qələbə münasibətilə gənc idmançılarımızı və idman ictimaiyyətini təbrik edirəm”.
Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın festivalı yüksək səviyyədə keçirdiyini vurğulayıb: "Mükafatçılar bir daha sübut etdilər ki, Azərbaycan idman ölkəsidir. 15-ci dəfə keçirilən bu festivalda komandamız ilk dəfə 4-cü pillədə qərarlaşdı. Bu da o deməkdir ki, gənc idmançılar arasında da gələcəyin ulduzları var. Festival çərçivəsində 3 proqram həyata keçirdik. Onların hər biri bizim üçün önəmli idi. Azərbaycan festivalı yüksək səviyyədə təşkil etdi. Sevindirici haldır ki, yarış zamanı heç bir problem yaşanmadı”.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın növbəti dəfə böyük idman tədbirini yüksək səviyyədə təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan komandasının 48 ölkə arasında 4-cü yeri tutması bir daha sübut etdi ki, idmana peşəkar səviyyədə diqqət göstərilir. Nazir festivalın keçirilməsində verdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də təşkilatçılara minnətdarlıq edib.
Daha sonra medalçılar mükafatlandırılıb.
"Zəfər günləri” layihəsi Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da həyata keçirilib.
Qeyd edək ki, yeddi gün keçirilən Bakı-2019-da Azərbaycan idmançıları 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanıblar. Bu medallar üç idman növündə əldə olunub. Milli komanda güləşdə 16 (8 qızıl, 5 gümüş, 3 bürünc), cüdoda 6 (2 qızıl, 1 gümüş, 3 bürünc), idman gimnastikasında isə 1 (1 gümüş) medala yiyələnib. Bu göstərici ilə Azərbaycan Bakı-2019-u 4-cü pillədə başa vurub. 38 ölkənin düşə bildiyi medal siyahısında isə Rusiya birinci olub.