Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Baş məşqçi Covanni Kaprara Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatında güvənəcəyi oyunçuları müəyyənləşdirib.
İtaliyalı mütəxəssis yenə Braziliyada "Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində heyətə daxil etdiyi voleybolçulara şans verəcək.
Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında "C” qrupunda mübarizə aparacaq. Sentyabrın 8-dək davam edəcək yarışda voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.