Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç şahmatın Avropa Oyunlarının proqramına daxil edilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
O, müsahibəsində şahmatın gələcəkdə Avropa Oyunlarının proqramına salınması üçün perspektivlərin olduğunu bildirib: "İndiyədək şahmatın Avropa Oyunlarının proqramına daxil edilməsi haqqında razılığa gələ bilməmişik. Amma bunun üçün perspektiv var. Şahmat Afrika və Asiya oyunlarının proqramında olub və daha sonra çıxarılıb. Fasilədən sonra şahmat ilk dəfə rəsmi olaraq Mərakeşdə təşkil olunan Afrika Oyunlarının proqramına salınıb. Şahmat, həmçinin 2020-ci ildə keçiriləcək Asiya Oyunlarının proqramında da yer alıb”.
Avropa Oyunları 2015-ci ildən etibarən hər dörd ildən bir keçirilir. Bu nüfuzlu turnir Avropa Olimpiya Komitələrinin nəzarəti altında Avropa qitəsinin idmançıları arasında keçirilən regional beynəlxalq idman yarışdır. İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda, ikincisi 2019-cu il iyunun 21-30-da Minskdə keçirilib. Növbəti oyunlar isə 2023-cü ildə Polşanın Krakov şəhərində təşkil ediləcək.