Üç komandamız ÇL-də yenidən mübarizə aparacaq

Üç komandamız ÇL-də yenidən mübarizə aparacaq




Ötən mövsümlə müqayisədə təmsilçilərimiz yarışa daha ciddi hazırlaşıblar

Ölkəmizdə populyarlığı ilə seçilən idman növlərindən biri də voleyboldur. Son illər həm kişi, həm də qadın voleybolunun inkişaf etdirilməsi üçün federasiya rəhbərliyi tərəfindən müəyyən işlər görülür.
Bəllidir ki, hazırda respublikamızda kişi voleybolu, qadın voleyboluna nisbətən zəif inkişaf edib. Bu idman növünün yenidən öz inkişaf yolunu tapması üçün federasiya tərəfindən bir neçə işlər həyata keçirilib. İlk növbədə, kişilərdən ibarət milli komanda yaradılıb. Daha yaxşı nəticə əldə etmək üçün komandaya perspektivli oyunçular cəlb olunub. Bu da öz bəhrəsini verib. Yığmamız bir neçə beynəlxalq yarışlarda iştirak edərək müəyyən nailiyyətlər əldə edib. Lakin o, dünya çempionatının seçmə mərhələsində iştirak etsə də, növbəti mərhələyə yüksələ bilməyib. Ümumiyyətlə, millinin daha yaxşı nəticə əldə etməsi üçün ölkə çempionatının olması daha vacibdir. Çox təəssüf ki, respublikamızda kişilər arasında ölkə çempionatı müəyyən səbəblər üzündən keçirilmir. Ölkə çempionatının yenidən təşkil edilməsi üçün federasiya rəhbərliyi tərəfindən müəyyən işlər görülür.

Qadın voleybolu isə kişi voleyboluna nisbətən daha yaxşı inkişaf edib. Komandamız çıxış etdiyi beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyur. Yığmamızın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması özü böyük uğurdur. Millimiz bu uğura qitə çempionatının seçmə mərhələsinin bütün oyunlarında qalib gələrək nail olmuşdur. Super-liqada çıxış edən klublarımızın da uğurlarını saymaqla qurtarmaz. Beynəlxalq yarışlarda qüvvələrini sınayan komandalarımız daima ölkəmizə medallarla dönüblər. Təkcə ötən il Çempionlar Liqasında ölkəmizi 3 komanda təmsil etdi. Son illərin dəyişməz çempionu "Rabitə” klubu ilə "Azərreyl”yarışa birbaşa vəsiqə qazanmışdılar. "Lokomotiv” klubu isə güzəştli kartla ("wild kart”) yarışda iştirak etmək hüququ əldə etmişdi. Onların əvvəlcədən hansı nəticələrə imza atacaqlarını əvvəlcədən demək bir qədər çətin idi. Çünki püşkatmanın nəticəsinə əsasən çətin klublar komandalarımıza rəqib olmuşdular. "Rabitə” qrup mərhələsində (B qrupu) "Villa Kortese”, "Atom” və "Agel” komandaları ilə qarşılaşmışdı. Komandamızın qrup mərhələsində ən çətin rəqibi "Villa Kortese” komandası hesab olunurdu. Çünki İtaliya təmsilçisi "Dördlər finalı”nın iştirakçısı idi. Bununla yanaşı, klubda kifayət qədər titullu voleybolçular yer almışdı. Bu komandalar arasında ilk oyun Bakıda keçirildi. Bu, komandamız üçün əlavə bir stimul idi. Çünki təmsilçilərimizin doğma meydanda qələbə qazanıb, İtaliyaya qalib kimi yollanması əlavə ruh yüksəkliyi yaradacaqdı. "Rabitəçilərin” baş məşqçisi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən Azərbaycan çempionunun qələbə qazanacağı inandırıcı görünürdü. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə təmsilçilərimiz rəqibin hücumları ilə qarşılaşdı. Onlar ikinci hissədə 3 xal fərqi ilə komandamızı məğlubiyyətə uğratdılar. Bu, italiyalıların son qələbəsi oldu. Ardıcıl olaraq üçüncü və dördüncü hissədə qalib gələn Marçelo Abbondanzanın yetirmələri aktivlərinə növbəti xalları əlavə etdilər. Birinci dövrədə olduğu kimi, ikinci dövrədə də komandamız Busto Arsizio təmsliçisini məğlubiyyətə uğratdı. Təmsilçilərimiz rəqiblərinə bu dəfə 3:1 hesabı ilə qalib gəldilər. "Rabitəçilərin”, ikinci böyük rəqibi "Atom” klubu idi. Polşa təmsilçisi də növbəti mərhələ iddasında idi. Bu komandalar arasında birinci oyun səfərdə təşkil olundu. Komandamız səfərdə oynamasına baxmayaraq qələbə qazandı. Bakıda keçirilən olunan oyunda da komandamız əla oyun nümayiş etdirdi. "Rabitəçilər” qələbə qazanaraq azarkeşlərini sevindirdi. Növbəti rəqib isə "Agel” klubu idi. İnamlı təsir bağışlayan "Rabitə”nin Çexiya təmsilçisini asan məğlub edəcəyi heç kimdə şübhə doğurmurdu. Çünki italiyalı baş məşqçi Marçello Abbondanza güclü bir komanda formalaşdırmışdı. Gözlənilənlər özünü bir daha doğrultdu. Ardıcıl olaraq qrup mərhələsində qələbələri sıralayan "Rabitə” növbəti mərhələyə vəsiqə qazandı. D qrupunda qərarlaşan digər təmsilçimiz "Azərreyl”in rəqibləri isə "Əczaçıbaşı”, "Tauron” və "Dresdner” komandaları idi. Ümumiyyətlə, "Azərreyl”in birinci dövrədəki çıxışını qənaətbəxş hesab etmək olar. Çünki, komandamız çempionat başlamamışdan əvvəl inamlı təsir bağışlasa da, heç cür öz oyununu göstərə bilmirdi. Qeyd edək ki, birinci turda Almaniyanın "Dresdner” klubu ilə qarşılaşan komandamız Çempionlar Liqasına 3 xalla başladı. Təmsilçimizin ikinci turdakı rəqibi isə Türkiyənin "Eczacıbaşı” komandası oldu. Komandamızın 3 xal qazanmaq istəyi bu dəfə baş tutmadı. Təmsilçilərimizin bütün cəhdlərinə baxmayaraq, hər üç hissə türkiyəlilərin qələbəsi ilə yekunlaşdı. Üçüncü turda isə Azərreyl” doğma meydanda Polşanın "Tauron” komandasını qəbul etdi. Bu oyunda komandamıza xal mütləq lazım idi. Çünki klubumuz xal itirəcəyi təqdirdə turnir cədvəlində vəziyyətini çətinləşdirəcəkdi. Qarşılaşmanın birinci hissəsi rəqibin qələbəsi ilə yekunlaşdı. Ruhdan düşməyən Alessandro Çiappinin yetirmələri ikinci hissəni qələbə ilə bitirdilər. İkinci hissədə komandamız 13 top fərqi ilə qalib gəldi. Üçüncü hissə isə gərgin mübarizə şəraitində keçdi. "Azərreyl” bu hissədə də rəqibin sevinməsinə imkan vermədi-20: 25. Növbəti hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəldi. Bu hissədə də üstün oyun nümayiş etdirən komandamız 3 xal qazandı. Beləliklə, 3:1 hesabı ilə qalib gələn "dəmiryolçular” xallarının sayını 6-ya çatdırdılar. Beləliklə, aktivində 2 qələbə və bir məğlubiyyət olan "Azərreyl” birinci dövrəni ikinci yerdə bitirdi. Pley-off mərhələsinə yüksəlmək üçün komandamız ikinci dövrənin oyunlarında mütləq qələbə qazanmalı idi.


Dördüncü turda təmsilçimiz Polşanın "Tauron” komandası ilə münasibətlərinə aydınlıq gətirdi. Tay-brekdə komandamızdan üstün oyun nümayiş etdirən polşalılar ilk dövrədəki məğlubiyyətin əvəzini çıxdılar. Beşinci turda "Azərreyl” "Əczaçıbaşı” klubunu sınağa çəkdi. Qonaqlar bu dəfə də qələbə qazanaraq Bakıdan 3 xalla ayrıldılar 3:1. Bu oyundan sonra komandamızın pley-off mərhələsinə yüksəlmək imkanları sual altına düşdü.
Lakin "Azərreyl” qrup mərhələsində keçirilən bütün oyunların nəticəsinə əsasən qrup ikincisi kimi pley-off mərhələsinə yüksələ bildi. Çempionlar Liqasında qüvvəsini sınayan digər təmsilçimiz "Lokomotiv”in çıxışını uğurlu saymaq olardı. İlk dəfə bu yarışda mübarizə aparan sınayan "Lokomotiv” klubu ilk görüşünü səfərdə keçirdi. O, taybrekdə 15:11 hesabı ilə qalib gələrək Çempionlar Liqasındakı ilk oyunundan qələbə ilə (3:2) ayrıldı. "Komandamız ikinci turda rəqibi isə Moskva "Dinamosu” oldu. "Lokomotiv” birinci hissədə inamlı oyun nümayiş etdirərək qələbə qazandı. "Dəmiryolçular” növbəti iki hissədə də qalib gələrək aktivinə 3 xal yazdırdı. Üçüncü turda isə komandamızın rəqibi Polşanın "Bank Fakro” klubu oldu. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə "Bank Fakro” qalib gələrək hesabı bərabərləşdirdi. Lakin onların bundan artığına gücü çatmadı. Ardıcıl iki hissədə də qələbə qazanan "dəmiryolçular” aktivlərinə 3 xal yazdırdılar. Beləliklə, hər üç oyunda qələbə qazanan "Lokomotiv” birinci dövrəni qrup lideri kimi başa vurdu. İkinci dövrəyə də ciddi hazırlaşan "dəmiryolçular” dördüncü turda Polşanın "Bank Fakro” klubu ilə qarşılaşdı. Səfərdə rəqibini asanlıqla məğlubiyyətə uğradan komandamız bu dəfə qalib gələrək aktivinə növbəti xalları yazdırdı. Beşinci turda isə Moskva "Dinamo”su ilə üz-üzə gələn komandamız məğlub oldu -2:3. Altıncı turda komandamız Serbiyanın "Srvena Zvezda” klubu ilə qarşılaşdı. "Lokomotiv” bütün hissələrdə rəqibinə imkan verməyərək 3 xal qazandı.
Beləliklə "Lokomotiv” Çempionlar Liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, qrup mərhələsini lider kimi bitirib pley-off mərhələsinə yüksəldi. Onlar keçirilən 6 oyundan yalnız birində məğlub oldular.

Pley-off mərhələlərində yalnız "Rabitə” komandası onlara bəslənilən ümidləri doğrulda bildi. Digər komandalarımız isə bu mübarizədən məğlub ayrıldılar. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan "Rabitə”nin də bu mərhələdə rəqibi kifayət qədər güclü idi. "Rabitəçilər” növbəti mərhələyə yüksəlmək üçün mütləq Fransa çempionu "Kann”ı məğlubiyyətə uğratmalı idilər. Bu komandalar arasında təşkil olunan birinci oyunda təmsilçimiz qələbə qazandı. Voleybolçularımız cavab oyununda da rəqibindən üstün oyun nümayiş etdirərək növbəti mərhələyə vəsiqə qazandılar. Onlar bu nəticəyə rəqiblərinə hər üç hissədə qalib gələrək nail oldular. II pley-off mərhələsində "Rabitə” Kazan "Dinamo”sunun rəqibi oldu. "Rabitəçilər” birinci görüşü səfərdə keçirdilər. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, voleybolçularımız qələbə qazandılar. "Rabitə”nin doğma meydandakı görüşdə də azarkeşlərini sevindirəcəyi gözlənilən idi. Bu, belə də oldu. "Rabitə” qələbə qazanaraq "dördlər final”ına vəsiqə qazandı. Türkiyənin İstanbul şəhərində təşkil olunan yarışın birinci oyun günündə Azərbaycanın "Rabitə” komandası ilə İtaliyanın "Yamamay” klubu qarşılaşdılar. Bu mərhələyə qədər heç bir görüşdə məğlubiyyətlə üzləşməyən paytaxt təmsilçisi bu oyundan da qələbə ilə ayrılaraq finala yüksəldi. "Rabitə” bununla yanaşı, həm də özünə məxsus Azərbaycan rekordunu təzələdi. Belə ki, Azərbaycan çempionu 2-dəfə həlledici mərhələyə-finala yüksəlməklə yeni rekorda imza atdı. Bu uğura hələ ki Azərbaycan klublarından heç biri nail ola bilməyib.
"Dördlər finalı”nın həlledici mərhələsində "Rabitə” ilə "Vakıfbank” komandası görüşdülər. Bu görüşdə komandamızın hansı nəticəyə nail olacağını qabaqcadan proqnozlaşdırmaq bir qədər çətin idi. Çünki rəqib kifayət qədər güclü idi. Bundan əlavə, oyunun Türkiyədə keçirilməsi də rəqibə üstünlük verirdi. Amma, komandamız da asan məğlub olmaq fikrində deyildi. "Rabitəçilər” bu oyunda da qalib gəlib, vətənə qızıl medalla dönmək niyyətində idilər. Komandamız bu hissədə "xala-xal” prinsipi ilə mübarizə aparsa da, sonda məğlub oldu. Bununla da, "Rabitə” gümüş medalla kifayətlənməli oldu. Beləliklə, komandalarımızın Çempionlar Liqasında çıxışı bir gümüş medalla yadda qaldı.
Ötən mövsümdə olduğu kimi, bu il də komandamız bu yarışda 3 komanda ilə təmsil olunacaq. 2 komandamız olaraq ÇL-ə birbaşa vəsiqə qazanıb. Bir təmsilçimiz isə güzəştli kart ("wild kart”) vasitəsi ilə turnirdə iştirak etmək hüququ qazanıb. Artıq yeni mövsüm üçün ÇL-nin püşkatma mərasimi keçirilib. Püşkatmadan əvvəl komandalarımız müxtəlif səbətlərdə yer almışdılar. "Rabitə” və "Azəryol” (hər ikisi Azərbaycan), isə "Stiinta”, "Dinamo-Romprest” (hər ikisi Rumıniya), "Srvena Zvezda” (Serbiya), "Şveriner” (Almaniya) komandaları ilə birlikdə üçüncü səbətə düşmüşdülər. Digər təmsilçimiz "İqtisadçı” isə sonuncu səbətdə yer almışdı. Avstriyanın paytaxtı Vyanada təşkil olunan püşkatma mərasimində həm kişi, həm qadın komandaların rəqibləri bəlli oldu. Komandalarımız püşkatmanın nəticəsinə əsasən müvafiq olaraq A, B və E qrupunda yer aldılar. "Rabitə” klubu "Omiçka” ilə yanaşı, "Beziers” və "Dresdner”lə də münasibətlərinə aydınlıq gətirəcək. Çempionlar Liqasında debüt edəcək "İqtisadçı”nın bəxti gətirmədi. Belə ki, "universitet komandası” sonuncu səbətdə yer aldığı üçün "Pyaçentsa” (İtaliya), "Srvena Zvezda” (Serbiya) "Dinamo” (Rusiya) ilə qarşılaşmalı olacaq. "Azəryol”un isə daha güclü qrupda yer aldığını söyləmək olar. Komandamız "Dördlər finalı”nın son 2 iştirakçısı - "Qalatasaray”la "Yamamay” və İtaliya A seriyasının gümüş mükafatçısı "Konegliano” ilə üz-üzə gələcək. Bu dəfə də, reqlamentə əsasən, qruplarda ilk 2 yeri tutan klublar növbəti mərhələyə yüksələcəklər. Həmin 12 komanda 2 mərhələdə mübarizə aparacaq və ardınca "Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək.
Ümumiyyətlə, komandalarımızın bu mövsümdə hansı nəticə göstərəcəkləri çox maraqlıdır. Çünki onlar növbəti mövsümə çox ciddi hazırlaşıblar. Güclü transferlər edən təmsilçilərimiz bu il ÇL-in kubokunu ölkəmizə gətirmək istəyirlər. İnanırıq ki, komandalarımız inamla mübarizə apararaq bu kuboku vətənimizə gətirə biləcəklər.

Yeni mövsüm üçün ÇL-in yarış cədvəli

A qrupu
"Omiçka” (Rusiya)
"Beziers” (Fransa)
"Rabitə” (Azərbaycan)
"Dresdner” (Almaniya)

B qrupu
"Dinamo” (Moskva, Rusiya)
"Pyaçentsa” İtaliya
"Srvena Zvezda” (Serbiya)
"İqtisadçı” (Azərbaycan)

C qrupu
"Vakıfbank” (Türkiyə)
"Atom” (Polşa)
"Dinamo-Romprest” (Rumıniya)
"
Gent” (Belçika)

D qrupu
"Əczaçıbaşı” (Türkiyə)
"Kann” (Fransa)
"Şveriner” (Almaniya)
"Agel” (Çexiya)

E qrupu
"Qalatasaray” (Türkiyə)
"Konegliano” (İtaliya)
"Azəryol” (Azərbaycan)
"Yamamay” (İtaliya)

F qrupu
"Dinamo” (Kazan, Rusiya)
"Tauron” (Polşa)
"Stiinta” (Rumıniya)
"Volero” (İsveçrə)


I tur (22-24 oktyabr)
"Rabitə” - "Omiçka” (Rusiya)
"Azəryol” - "Yamamay” (İtaliya)
"Srvena Zvezda” (Serbiya) - "İqtisadçı”

II tur (29-31 oktyabr)
"Bezye” (Fransa) - "Rabitə”
"Qalatasaray” (Türkiyə) - "Azəryol”
"İqtisadçı” - "Dinamo” (Moskva, Rusiya)

III tur (26-28 noyabr)
"Drezdner” (Almaniya) - "Rabitə”
"Konelyano” (İtaliya) - "Azəryol”
"İqtisadçı” - "Pyaçentsa” (İtaliya)

IV tur (3-5 dekabr)
"Rabitə” - "Drezdner”
"Azəryol” - "Konelyano”
"Pyaçentsa” - "İqtisadçı”

V tur (10-12 dekabr)
"Rabitə” - "Bezye
"Azəryol” - "Qalatasaray”
"Dinamo” - "İqtisadçı”

VI tur (17 dekabr)
"Omiçka”
- "Rabitə”
"Yamamay” - "Azəryol”
"İqtisadçı” - "Srvena Zvezda”