Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının yarımfinalçıları müəyyənləşib.
Yarımfinala vəsiqə uğrunda görüşdə Serbiya millisi Bolqarıstanı 3:0, Türkiyə seçməsi Hollandiyanı 3:0, İtaliya yığması Rusiyanı 3:1, Polşa komandası isə Almaniyanı 3:2 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Serbiya millisi İtaliya, Türkiyə yığması isə Polşa ilə qarşılaşacaq.
Çempionatın yarımfinal mərhələsinin oyunlarına Türkiyə ev sahibliyi edəcək. Qarşılaşmalar sentyabrın 7-də təşkil olunacaq.
Qitə birinciliyinin C qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3. Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə A qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə məğlub olan millimiz Avropa çempionatını 10-cu pillədə başa vurub.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.