Sentyabrın 21-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin cavab partiyaları oynanılıb.
Bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qarşılaşıblar. Cavab partiyası da heç-heçə başa çatdığı üçün qarşılaşmanın qalibinin adı sentyabrın 22-də keçiriləcək tay-breyk görüşündə müəyyənləşəcək.
Beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak etmək hüququ qazanacaqlar.
FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.