Qazaxstanın Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub. Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparıb. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda mübarizə aparıblar. Azərbaycan milli komandası yarışları 6 medalla başa vurub.
Qadın güləşi üzrə milli komandamızın lideri Mariya Stadnik Azərbaycanın idman tarixinə düşüb. Dünya çempionatında qızıl medal qazanan Stadnik (50 kq) karyerasında ikinci dəfə bu titula sahib olub. Xanım güləşçimiz 10 illik (2009) fasilədən sonra ikinci dəfə dünya çempionu adını qazanıb. O, Azərbaycanın idman tarixində ikiqat dünya çempionu olan ilk qadın güləşçidir. Azərbaycanda güləş idmanının tarixində yunan-Roma pəhləvanı Fərid Mansurov iki, sərbəst güləşçimiz Hacı Əliyev isə üçqat dünya çempionu adını qazanıblar.
Çempionata onaltıdabir finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdəbir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dörddəbir finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinala yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Güləşçimiz yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb. O, finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək dünya çempionatının qızıl medalını qazanıb.
Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Güləşçimiz təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, Ukrayna güləşçisinə də gücünü göstərərək adını dörddəbir finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının dörddəbir finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni məğlub edərək yarımfinala yüksəlib. Bununla Şərif Şərifov olimpiadaya lisenziyanı təmin edib. Yarımfinalda güləşçimiz Olimpiya və iki qat dünya çempionu Kayl Snayderə də gücünü göstərib. Ş. Şərifov finalda Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olmuş Abdulrəşid Sadullayevlə bacarmayıb və yarışı gümüş medalla başa vurub.
Yığmamızın kapitanı Cəbrayıl Həsənov (79 kq) dünya çempionatına səkkizdəbir finaldan start verib. İdmançımız növbəti mərhələdə Ukrayna güləşçisinə qalib gələrək dörddəbir finala adlayıb. Bu mərhələdə yerli idmançıya da ğqalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb. Təcrübəli güləşçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl ikinci dəfə dünya çempionatının finalında iştirak etmək hüququ qazanıb. Həlledici görüşdə ABŞ idmançısı Kayl Daykla üz-üzə gələn Cəbrayıl Həsənov rəqibinə uduzaraq növbəti dəfə gümüş medalı boynundan asıb.
Nur-Sultanda keçirilən dünya çempionatı 3 qat dünya çempionu Hacı Əliyev (65 kq) üçün uğursuz olub. Güləşçimiz ilk görüşündə Rusiya idmançısı Hacımurad Rəşidova məğlub olub. İdmançımız təsəlliverici görüşdən də məğlub ayrılıb.
Xatırladaq ki, çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.