Avropa Olimpiya Komitələrinin (AOK) Roma şəhərindəki mənzil-qərargahında Avropa Gənclər Olimpiya yay və qış festivallarının təşkilinə və keçirilməsinə cavabdeh olan Komissiyanın illik iclası keçirilib. Portuqaliyalı Xose Manuel Arauxonun başçılıq etdiyi ekspertlər qrupu Avropa Gənclər Qış Olimpiya Festivalının və bu ilin iyulunda Bakıda keçirilmiş yay festivalının yekunları ilə bağlı hesabatını təqdim edib. Komissiya, həmçinin gənclərin əsas multiidman forumunun təkmilləşdirilməsi imkanlarını öyrənib, onun beynəlxalq olimpiya komitələri və yarışlara ev sahibliyi edəcək şəhərlər üçün cəlbedici olmasını öyrənib. Xose Manuel Arauxo qeyd edib: "Bizim məqsədimiz Avropa Gənclər Olimpiya festivallarının Avropa Oyunları və gənclərin olimpiya oyunları ilə uyğun olmasını təmin etməkdir. Elə etməliyik ki, bu festivallar milli olimpiya komitələri və gənc idmançılar üçün onlar qədər cəlbedici olsun”. Komissiya üzvləri oktyabrın 24-də Varşavada keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq tövsiyələrin siyahısını AOK-un vitse-prezidenti Nils Nyuqora təqdim ediblər. AOK-un idman direktoru Piter Bryul Avropa Gənclər Olimpiya Festivalının idman proqramının təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatla çıxış edib. Bu işlər Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq federasiyalarla birgə aparılıb.
Tədbirdə, həmçinin Avropa Olimpiya Komitələri Gənclər Olimpiya Festivalı Komissiyasının üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib.
Xatırladaq ki, növbəti qış festivalı 2021-ci il fevralın 6-dan 13-dək Finlandiyanın Vuokatti şəhərində keçiriləcək. XVI Avropa Gənclər Olimpiya Festivalı isə 2021-ci il iyulun 24-dən avqustun 1-dək Slovakiyanın Banska Bistritsa şəhərində təşkil olunacaq. İtaliyanın Friuli-Venetsiya-Culia şəhəri isə 2023-cü ilin XVII Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək.