Bu gün Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası öz işinə başlayıb.
İclasda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev iştirak edir.
Assambleya çərçivəsində MOKA-nın Marketinq, Audit və Maliyyə, Beynəlxalq Əlaqələr, Atletlər və Tibbi Komissiyasının iclasları keçiriləcək. Tədbirdə bundan əlavə, Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiasiyasının İcraiyyə Şurasının iclası da əsas məsələlər sırasındadır. Assambleyanın yekununda Olimpiya Həmrəyliyi Komissiyasının iclası keçiriləcək.
Qeyd edək ki, Doha həmçinin Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarına ev sahibliyi edəcək. Ölkəmizi bu oyunlarda 7 idmançı təmsil edəcək. Komandamızın heyətində Kənan Əliyev, Oyan Nazariani, İbrahim Yusubov, Pənah İlyaslı (güləş); Roman Heydərov (karate); Kseniia Levkovska, Rostislav Pevtsov (triatlon).
Tədbir oktyabrın 19-dək davam edəcək.