Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarının gümüş medalına sahib olub. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında birinci gümüş, ümumilikdə isə dördüncü medalıdır. Həsən Əliyev (77 kq) səkkizdəbir finalda ermənistanlı Varujan Qriqoryana, dörddəbir finalda ukraynalı Dmitri Pişkova qalib gəlib. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serbiyalı Viktor Nemeşə qalib gələrək finala yüksəlib. H.Əliyev gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə iranlı Peyman Poştama 2:1 hesabı ilə uduzaraq, yarışı ikinci yerdə başa vurub. Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında bir gümüş və üç bürünc medal var.