Beş ildən sonra Fransa paytaxtında keçiriləcək Paris-2024-ün Təşkilat Komitəsi Yay Olimpiya və Paralimpiya Oyunlarının yeni loqotipini təqdim edib. emblem Olimpiya məşəlini, medalı və Fransa Respublikasının rəmzlərindən biri olan qızılsaçlı gənc qadın Mariannanın siluetini əks etdirir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytında BOK-un Əlaqələndirmə Komissiyasının sədri Pyer-Olivye Bekers-Vyejanın sözlərindən sitat gətirilib: "Paris oyunlarının Təşkilat Komitəsini yeni emblemin təqdimatı münasibətilə təbrik edirəm. Şübhə etmirəm ki, onun innovasiyalı dizaynı bütün dünyada tez bir zamanda tanınacaq və 2024-cü ildə keçiriləcək Oyunların vizit kartı olacaq. Medalın, Olimpiya məşəlinin və Mariannanın siluetinin vəhdəti Olimpiya dəyərlərini, tarixi və fransız ruhunu təcəssüm etdirir ki, bu da Olimpiya Oyunlarına xüsusi rəng qatacaq”. Beləliklə, təşkilatçılar Parisin Olimpiya müraciətində ilkin olaraq müzakirə edilən Eyfel qülləsinin emblemindən imtina ediblər. Yeni emblemdə artıq 1924-cü ildə dünyanın ən əsas idman yarışlarına ev sahibliyi etmiş Parisə bir daha ehtiram ifadə olunur. Müəlliflərin düşüncəsinə görə, onun dəqiq və yığcam cizgiləri təxminən yüz il əvvəl keçirilmiş Olimpiya Oyunlarında istifadə olunmuş ar-deko üslubuna əsasən hazırlanıb. Yeri gəlmişkən, emblem ilk dəfə həm Olimpiya, həm də Paralimpiya Oyunları üçün eyni olacaq, kiçik fərq yalnız aşağıda təsvir edilmiş Olimpiya halqaları və Paralimpiya cizgisi olacaq. Fransa paytaxtında Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.