Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının "Azəryol” klubu növbəti transferini reallaşdırıb. Paytaxt təmsilçisi Dominikan Respublikasının milli komandasının üzvü Lizvel Eliza Eve-Kastilyonun köməyindən istifadə edəcək. 194 sm boya malik oyunçu 6 ildir ki, millinin şərəfini qoruyur. 22 yaşlı voleybolçu komandasf ilə birlikdə Panamerika Oyunlarının çempionu adını qazanıb. 2007-ci ildə qadınların dünya çempionatının ən gənc iştirakçısı kimi tarixə düşən Evenin medal kolleksiyasında Panamerika Oyunlarının 2 qızılı ilə yanaşı, NORSECA çempionluğu da var. Bunadək o, vətəni ilə yanaşı, Puerto-Riko, Peru, Yaponiya və Cənubi Koreya klublarında da çıxış edib. Mərkəz blokçusunun son klubu "Deportivo Geminis” (Peru) olub. Xatırladaq ki, "Telekom” buna qədər daha iki voleybolçu ilə müqavilə imzalamışdı. Bunlar amerikalı Hayley Spelman və Monique Mead idi. Hər 2 voleybolçunun 22 yaşı var. Onlardan Spelman 200 sm, Mead 178 sm boya malikdir. Mütəxəssislər bu oyunçuların tezliklə dünyanın ən yaxşıları olacaqlarını proqnozlaşdırırlar. Məhz bu səbəbdən də "Telekom” Spelman və Meadla 1 illik deyil, 3 illik müqavilə imzalayıb.