Məktəblər arasında basketbol, voleybol, atletika, şahmat və stolüstü tennis idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsinin yarışları başa çatıb.
Ölkə üzrə 2 min 515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən çox məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəb qatılıb. Yekunda hər idman növü üzrə zona mərhələsinə vəsiqə qazanan məktəblər müəyyən edilib.
Çempionatın zona mərhələsinə isə 2020-ci ilin aprelindən start veriləcək. Zona mərhələsinin yarışlarında hər idman növü üzrə 76 məktəb komandası olmaqla 3 minə yaxın məktəbli mübarizə aparacaq.
Çempionatın əsasnaməsinə uyğun olaraq bu mərhələdə ilk iki yeri tutan məktəb komanda final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur.
Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.
Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.