“Dəmiryolçular” növbəti mövsümə ciddi hazırlaşırlar

“Dəmiryolçular” növbəti mövsümə ciddi hazırlaşırlar


Voleybol üzrə Azərbaycan Super-liqasında mübarizə aparan klublarımızdan biri də "Lokomotiv”dir. Komanda yeni yaranmasına baxmayaraq, istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda ləyaqətlə çıxış edir. Qeyd edək ki, klub ötən il ölkə çempionatında inamla mübarizə apararaq dördüncü yeri tutdu. "Dəmiryolçular” mükafatçılar sırasında da yer ala bilərdilər. Lakin son oyunlarda itirilən xallar komandanın medalsız qalmasına səbəb oldu. Ötən mövsüm Çempionlar Liqasında debüt edən komandanın çıxışını da qənaətbəxş hesab etmək olar. Çünki "Lokomotiv” ÇL-də birinci dəfə iştirak etməsinə baxmayaraq qrup birincisi kimi növbəti mərhələyə yüksəldi. Belə ki, onlar ilk görüşü, səfərdə keçirdilər. Rəqib meydanında oynamasına baxmayaraq komanda inamla qələbə qazandı. Təmsilçimiz taybrekdə qalib gələrək nüfuzlu yarışa qələbə ilə başladı. Çoxları komandanın qələbə qazanacağına inanmırdı. Çünki komanda yeni yaranmışdı. Təzə yaradılmış bir komandanın Çempionlar Liqası kimi yarışda belə nəticə göstərməsi inandırıcı görünmürdü. "Dəmiryolçular”ın ikinci turda rəqibi isə güclü Moskva "Dinamo”su oldu. "Lokomotiv”in bu oyunda da hansı nəticəyə sahib çıxacağı voleybolsevərlər tərəfindən maraqla gözlənilirdi. "Lokomotiv” birinci hissədə inamla oynayaraq qələbə qazandı. "Dəmiryolçular” növbəti iki hissədə də qalib gələrək aktivlərinə 3 xal yazdırdılar. Bu oyunda əldə olunan qələbə bir daha onu göstərdi ki, komanda bu yarışa iştirak xatirinə gəlməyib. İkinci oyundan sonra komandaya olan inam getdikcə artırdı. Birinci dövrənin sonuncu görüşündə isə komandamız Polşanın "Bank Fakro” klubu ilə üz-üzə gəldi. Rəqib digərlərinə nisbətən yarışda zəif təsir bağışlayırdı. Buna görə "dəmiryolçuların” asan qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Birinci hissə komandamızın qələbəsi ilə yekunlaşdı. İkinci hissədə isə "Bank Fakro” qalib gələrək hesabı bərabərləşdirdi. Lakin bu, onların oyun ərzində qazana biləcəkləri yeganə qələbə oldu. Növbəti hissələrdə rəqibindən üstün oyun nümayiş etdirən komanda birinci dövrəni məğlubiyyətsiz bitirdi. Beləliklə, hər üç oyunda qələbə qazanan "Lokomotiv” birinci dövrəni qrup lideri kimi başa vurdu. Azarkeşlər ikinci dövrədə də komandadan inamlı oyun gözləyirdi. Bu, başqa cür ola da bilməzdi. "Lokomotiv”in birinci dövrədə nümayiş etdirdiyi oyunlar bunu deməyə əsas verirdi. İkinci dövrəyə də ciddi hazırlaşan "dəmiryolçular” dördüncü turda yenidən "Bank Fakro” klubu ilə qarşılaşdılar. Bu dəfə komandamız doğma meydanda rəqibini sınağa çəkirdi. Səfərdə rəqibini asanlıqla məğlubiyyətə uğradan komandamız bu dəfə qalib gələrək aktivinə növbəti xalları yazdırdı. Növbəti turda isə rəqib Moskva "Dinamo”su idi. Birinci dövrədə bu komandanı məğlubiyyətə uğratmağına baxmayaraq, "Lokomotiv”in səfərdə təşkil olunan görüşdə qələbə qazanacağı inandırıcı görünmürdü. Çünki Moskva təmsilçisi bu oyunda məğlub olacağı təqdirdə növbəti mərhələyə çıxmaq imkanlarını sual altına qoya bilərdi. Bir sözlə, qələbə "Dinamo” klubuna mütləq qələbə lazım idi. Görüş qarşılıqlı hücumlar şəratində başladı.


Rəqibin təzyiqlərinə baxmayaraq "dəmiryolçular” layiqli mübarizə apardılar. Lakin tay-brekdə bəxt komandamızdan üz döndərdi. Beləliklə, 3:2 hesabı ilə məğlub olan komandamız növbəti oyunda qrup lideri olmaq üçün Serbiyanın "Srvena Zvezda” klubuna qalib gəlməli idi. "Lokomotiv” bütün hissələrdə rəqibinə imkan verməyərək 3 xalı qazandı. Beləliklə "Lokomotiv” Çempionlar Liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, qrup mərhələsini lider kimi bitirərək pley-off mərhələsinə yüksəldi. Onlar keçirilən 6 oyundan yalnız birində məğlub oldular. Pley-off mərhələsində püşk komandamız üçün uğurlu olmadı. Belə ki, püşkatmanın nəticəsinə əsasən "Lokomotiv” bu yarışda mübarizə aparan digər bir güclü komandamızla "Azərreyl” qarşılaşmalı idi. Bu komandalar arasında keçirilən hər iki oyunda qələbə qazanan "Azərreyl” "Lokomotiv”i yarışdan kənarlaşdırdı. Ümumiyyətlə, "dəmiryolçular” ÇL-də çıxışı erkən bitirsələr də, komandanın çıxışını qənatbəxş hesab etmək olar. Yeni yaranmış bir komandanın güclü rəqiblərlə layiqli mübarizə aparması təqdirəlayiq bir haldır. Artıq komanda yeni mövsümə ciddi hazırlaşır. Qarşısına ölkə çempionatının medallarını qazanmağı məqsəd qoyan komanda yeni mövsüm üçün hazırlıqlar görüb. Cüzeppe Kuçarini ilə yollarını ayırdıqdan sonra komanda rəhbərliyi yeni baş məşqçinin keçidini reallaşdırıb. Baş məşqçi və 7 oyunçu ilə müqavilə bağlayan "dəmiryolçular” Lauren Gibbemeyerdən sonra Suzana Sebiçi transfer ediblər. Ötən il "Rabitə”nin heyətində cəmi 3 ay çıxış edən və istənilən oyunu nümayiş etdirə bilmədiyindən vətəninə göndərilən 29 yaşlı Avropa çempionu ilə 1 illik müqavilə bağlanıb. 2006-cı və 2011-ci illərdə, müvafiq olaraq, dünya və Avropa çempionatının ən yaxşı liberosu 3 ildir ki, əsas heyətdə oynayan Mariya Filipovaya (Bolqarıstan) əvəzləyici olacaq. Yeri gəlmişkən, Sebiç "Rabitə” ilə klublararası dünya çempionatının gümüş medalını qazanıb. Bundan başqa, komanda Uitni Dosti ilə danışıqları müsbət yekunlaşdırıb və 1 illik rəsmi müqavilə bağlayıb. 190 sm boya malik voleybolçu Cənubi Koreyanın "Huenqkuk” klubundan transfer edilib. Öz ölkəsinin yığmasında da çıxış edən 25 yaşlı Dosti İsveçrə və Puerto-Rikada da legioner həyatı yaşayıb. "Lokomotiv” klubu buyaxınlarda daha bir voleybolçunu transfer edib. "Dəmiryolçular” Türkiyənin "Karşıyaka” klubunda çıxış edən Gizem Giraygilinin köməyindən istifadə edəcəklər. 180 sm boya malik Gizem Türkiyə yığmasının heyətində 59 matç keçirib . "Karşıyaka”da 1 nömrəli forma ilə çıxış edən voleybolçu karyerası boyu vətənində oynayıb. İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu "Emlak TOKİ” (2003/04 və 2005/06), "İller Bankası” (2004/05), "Fənərbağça” (2007/08), "Qazi Universiteti” (2008/09), "Ereqli Bələdiyə” (2009/10), "Ankaragücü” (2010/11), "Beşiktaş” (2012) klublarında da mübarizə aparıb. Məlumat üçün bildirək ki, "Lokomotiv” komandası buna qədər bir neçə voleybolçunun transferini reallaşdırıb. Komanda amerikalılar Lauren və Uitnidən əvvəl Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi də heyətinə cəlb edib. Bundan başqa, klub rəhbərliyi ötənilki heyətdən Mariya Filipova, Olqa Palçevskaya, Vera Klimoviç və Aleksandra Samoylova ilə də müqavilənin müddətini artırıb.