Ötən mövsüm Super-liqanın medallarına yiyələnən "İqtisadçı” klubu hazırlıqlarını davam etdirir. Bu il "güzəştli kart” sayəsində Çempionlar Liqasına vəsiqə qazanan universitet komandası Tailand millisinin daha 3 üzvünü komandada saxlayıb. Belə ki, ötən il "tələbələr”in medal qazanmasında pay sahibi olan Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva yeni mövsümdə də "İqtisadçı”nın şərəfini qoruyacaqlar. Onların hər üçü ilə 1 illik müqavilə imzalanıb.
Məlumat üçün bildirək ki, "tələbələr” buna qədər bir neçə voleybolçunun keçidini həll edib. Belə ki, "İqtisadçı” ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə imzalayıb. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna qədər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan voleybolçu bu il komandası ilə birlikdə həmin yarışın qalibi olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika oyunlarında bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb. "İqtisadçı” klubu Çin millisinin oyunçusu Vey Kiuyue ilə də razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib. 182 sm boya malik toppaylayıcı "Tianjin”la 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, həmçinin komandası ilə birlikdə ölkə çempionatında gümüş medal da qazanıb. 2006-cı ildə əsas milliyə dəvət alan bu voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2008, 2010) qalibi olub. Çinli oyunçu yığması ilə birlikdə qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medallarına yiyələnib.
Bakı təmsilçisi Çin millisinin toppaylayıcısı Vey Kiuyuenin ardınca orta sahə oyunçusu Yun Ven Manı da heyətinə cəlb edib.
189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, "İqtisadçı”ya "Şanxay” klubundan transfer edilib. Ma komandası ilə birlikdə 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub. 2005-ci ildən əsas yığmaya çağırılan oyunçu burada 189 oyunda qüvvəsini sınayıb. O, millisi ilə 2 dəfə Asiya kubokunun (2008, 2010), 2 dəfə Asiya çempionatının (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya kubokunun üçüncüsü olub. "İqtisadçı” Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının keçmiş oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb. Flier Azərbaycan voleybolsevərlərinə yaxşı tanışdır. Ötən il "Azəryol”da ("Azərreyl”) oynayan 29 yaşlı legioner Rusiya "Omiçka”sına keçməyə yaxın olsa da, son anda fikrini dəyişərək ölkəmizdə qalıb. Serena isə "İqtisadçı”ya Polşanın "Bank Fakro” klubundan transfer olunub. 32 yaşlı toppaylayıcı 1998-ci ildə Avropa çempionu olub. O, həmçinin Polşa çempionluğunu, ölkə kubokunu və CEV kubokunun sahibidir.