23 iyun - Beynəlxalq Olimpiya Günüdür

23 iyun - Beynəlxalq Olimpiya Günüdür

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülmüşdür.

İlk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunmuşdur. Bu günü daha təntənəli şəkildə və bütün milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir.

Artıq 72 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunmuşdur.

Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış etmişdir.

Sonra konqres müasir tarixdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul etmişdir. Bu olimpiada 1896-cı ildə Afinada keçirilmişdir: on üç ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparmışdır. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci dünya müharibəsi dövrü istisna təşkil edir.

O zaman 1894-cü ildə olimpiya hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı və indi də belə adlanır. BOK-un rəhbərliyi altında 31 yay olimpiya oyunu və 23 qış olimpiadası keçirilmişdir.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunmuşdur. Ən çox iştirakçı cəlb etməklə yüngül atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter almışdır. Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”.

Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir.

Qeyd edək ki, bu il keçirilməsi nəzərdə tutulan Tokio Yay Olimpiya Oyunları pandemiyaya görə 2021-ci ilə təxirə salınıb.