Komandamız qitə çempionatında yarışacaq

Komandamız qitə çempionatında yarışacaq


Bildiyimiz kimi sentyabrın 6-da start götürəcək voleybol üzrə qadınlar arasında Avropa Çempionatının finalında Azərbaycan komandası da mübarizə aparacaq. İyun ayından Avropa Çempionatının finalına hazırlıqlarına start verən milli komandamız əvvəlcə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq prosesi keçdi. Ötən ay isə yığmamız qitə çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Qazaxıstanın Pavlodar şəhərində 20-ci dəfə keçirilən "Prezident Kuboku” turnirində qüvvəsini sınadı. Lakin komandamız bu turnirdə onlara bəslənilən ümidləri doğrulda bilmədi. Millimiz birinci turda Çinin "Lyaonin” klubu ilə qarşılaşmışdı. Birinci hissədə təmsilçilərimiz pis oyun nümayiş etdirmədilər. Bərabər səviyyədə keçən görüşdə sevinən tərəf "Lyaonin” klubu oldu. Onlar təmsilçilərimizi iki xal fərqi ilə üstələdilər. İkinci hissədə isə millimizin üzvləri özlərinə layiq olan oyunu göstərə bilmədilər. Nəhayət, üçüncü hissədə təmsilçilərimiz öz oyunlarını nümayiş etdirə bildilər. Belə ki, voleybolçularımız bu hissədə qalib gəldilər. Lakin bu, onların görüşdə qazandıqları ilk qələbə oldu. Növbəti hissədə də 4 top fərqi ilə yığmamızı məğlubiyyətə uğradan Çin təmsilçisi ilk turda qalib gəlmişdi. İkinci turda isə komandamız meydan sahiblərinin ikinci komandası ilə qarşılaşmışdı. Voleybolçularımız, birinci turda olduğu kimi, ikinci turda da onlara bəslənilən ümidləri doğrulda bilmədilər. Oyuna gəldikdə isə, birinci hissə meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı. Rəqibimiz ardıcıl olaraq ikinci və üçüncü hissədə də qalib gələrək qələbəni bayram etdi. Bununla da, komandamız turnirdə ikinci məğlubiyyəti ilə üzləşdi. Üçüncü turda komandamız Qazaxıstanın əsas yığması ilə qarşılaşmışdı. Bu oyunda komandamıza qələbə mütləq lazım idi. Çünki iki turda komandamız məğlubiyyətlə üzləşmişdi. Birinci hissə voleybolçularımız üçün yaxşı başlamadı. Belə ki, meydan sahibləri təmsilçilərimizi 10 top fərqi ilə məğlubiyyətə uğratdı. İkinci hissə də Qazaxıstan millisinin qələbəsi ilə yekunlaşdı. Növbəti hissədə isə yığmamız öz oyununu nümayiş etdirərək qalib gəldi. Dördüncü hissə də, komandamızın xeyrinə yekunlaşdı. Qalib gələn tərəfin adına aydınlıq gətirmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı oldular. Burada isə bəxt bizdən üz döndərdi. Meydan sahibləri bu hissədə də qalib gələrək aktivlərinə növbəti xalları əlavə etdi. Qadın voleybolçulardan ibarət yığmamız dördüncü turda Rusiyanın "Uraloçka” klubunun əvəzedicilərinə məğlub oldu. Rəqib hər 3 setdə millimizdən üstün olub. "Lyaonin”ə (Çin) qalib gələn Qazaxıstan millisi isə vaxtından əvvəl çempionluğu bayram etdi. Komandamız sonuncu turda Belarus millisi ilə qarşılaşdı. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Beləilklə, komandamız bütün görüşlərdə məğlub olaraq özlərinə layiq olan oyunu göstərə bilmədilər.
Hazırda millimiz Türkiyədə təlim məşqlərini davam etdirir. Qeyd edək ki, Türkiyə millisi də Avropa Çempionatının finalında mübarizə aparacaq. Artıq millimiz qonşu ölkənin komandası bir neçə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri birinci oyunda 3:0 hesabı ilə məğlub olublar. Belə ki, voleybolçu qızlarımız birinci hissədə 8 top fərqi ilə məğlubiyyətə uğrayıblar. İkinci hissədə də komandamız qələbə qazana bilməyib. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəlib. 6 top fərqi ilə komandamızdan üstün olan Türkiyə millisi qalib gəlib. Bu komandalar arasında keçirilən ikinci oyunda da sevinən tərəf Türkiyə millisi olub.
Türkiyə yığması ilə 2-ci yoxlama oyunundan sonra təcrübəli mütəxəssis Faiq Qarayev yerli jurnalistlərə müsahibə verib.
Türkiyə voleybolundakı inkişafın bizim üçün örnək olduğunu bilidirən Faiq Qarayev bunları deyib: "Vakifbank” son 2 ildə Çempionlar Liqasının kubokunu qazandı. Ümumiyyətlə, klubların əldə etdikləri uğurlar milliyə də öz təsirini göstərir. Türkiyə klubları bir neçə ildir ki, avrokuboklarda zirvələrdədir. Ümumiyyətlə, klubların peşəkarlıq səviyyəsi artdıqca, həmin komandalarda mübarizə aparan voleybolçuların da ustalıq səviyyəsi artır. Həmin voleybolçular da sonradan milliyə cəlb olunurlar. Son illərdə bizim klublar da uğurlu çıxış edir, yaxşı nəticələr qazanırlar. Bu il "Azəryol”, "Rabitə”, "İqtisadçı” Çempionlar Liqasında çıxış edəcək. İnanıram ki, bizim klubların inkişafı da yığmamızın uğurlarına kömək edəcək”.
Faiq Qarayev Türkiyədə məşqçlik etdiyi dövrlə indiki dövrü də müqayisə edib: "Türkiyədə işlədiyim vaxt voleybol yeni inkişaf edirdi. Ancaq biz çətinliklərə baxmayaraq voleybolun təməlini qoymağı bacardıq. Bunda təkcə mənim deyil, bütün türk məşqçilərinin də rolu oldu. Çünki biz bir komanda yaratdıq. Məncə, bütün uğurların təməli həmin dövrdə qoyuldu. Türkiyənin bütün ulduz oyunçuları həmin dövrdən öz sözlərini deməyə başladılar. Mən həmin vaxt Türkiyədə işlədiyim üçün şadam. Türkiyə voleybolunun inkişafında bir az payım varsa, bu, məni çox sevindirir. Sağ olsunlar ki, onlar hələ də bunu xatırlayırlar”.
Faiq Qarayev klublarımızın avrokuboklardakı uğurlarına sevindiyini də deyib. "Ən çox sevindiyim hadisələrdən biri son illər Azərbaycan və Türkiyə klublarının "Dördlər finalı”na yüksəlməsidir. Əvvəllər hamımızın arzusu bu idi ki, 8 ən yaxşı komandaların arasında bizim klublarımızda olsun. İndi isə komandalarımız hədəf kimi kubok qazanmağı qarşısına məqsəd qoyub. Qarşıdakı mövsümdə də Azərbaycan və Türkiyə klubları Çempionlar Liqasında zirvə üçün mübarizə aparacaqlar. Ötən mövsüm "Dördlər finalı”na 2 Türkiyə və 1 Azərbaycan klubu çıxdı: "Qalatasaray”, "Vakifbank”, "Rabitə” və İtaliya komandası. Bundan sonra isə, inşallah, "Dördlər finalı”nda yer alan klubların 4-ü də məhz Türkiyə və Azərbaycan təmsilçiləri olar”, - deyə Faiq Qarayev bildirib.
Məlumat üçün bildirək ki, iyul ayının sonlarında isə Avropa çempionatının daha bir iştirakçısı olan Fransa milli komandası paytaxtımızda qonaq olacaq və yığmamızla yoldaşlıq görüşləri keçirəcək.