Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəqimov Yaponiyanın Azərbaycandakı səfirinin birinci katibi, iqtisadi məsələlər üzrə şöbə müdiri Takao İmanişinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə İ.Rəhimov qurumun yaranması və onun keçdiyi inkişaf yolu barədə qonaqlara geniş məlumat verib. MPK-in prezidenti ölkəmizdə idmana, o cümlədən paralimpiya hərəkatına olan dövlət qayğısından danışaraq qeyd edib ki, respublikamızda əlillərin idmana cəlb olunması və onların bu sahədlə inkişaf etmələri üçün hər bir şərait yaradılıb. Uğur qazanan idmançıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunuduğunu deyən İ.Rəhimov paralimpiyaçıların maddi rifahının yaxşılaşdırılması və onlara mənzil və minik avtomobillərinin verildiyini də vurğulayıb.
T.İmanişi Yaponiyada idmanın inkişafı haqqında danışaraq bildirdi ki, ölkəsi 2020-ci ildə Olimpiya oyunlarının Tokioda keçirilməsində maraqlıdır və bunun üçün ölkənin namizədliyi irəli sürülüb. Yaponiya səfirliyinin nümayəndəsi ölkəsinin Yaponiya və Azərbaycan Milli Paralimpiya komitələri arasında qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlı olduğunu da diqqətə çatdırıb.
Görüşdə Milli Paralimpiya Komitəsi və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın qurulması istiqamətlərinin müzakirə edilməsi məqsədilə işçi qrupunun yaradılması qərara alınıb.