Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı Olimpiya barışığına dair qətnamə qəbul edib. Qətnamə bir daha təsdiqləyir ki, sülhü, həmrəyliyi və dostluğu tərənnüm edən Olimpiya dəyərləri antik dövrlərdə olduğu kimi, indi də əhəmiyyətini qoruyub saxlayır.
Qətnaməyə əsasən, barışıq müddəti 2021-ci il iyulun 16-dan (açılış mərasimindən yeddi gün əvvəl) 2021-ci il sentyabrın 12-dək (Paralimpiya oyunlarından yeddi gün sonra) olan vaxtı əhatə edir. Xatırladaq ki, BMT-nin “İdman və Olimpiya ruhu ilə dinc və daha yaxşı bir dünya qurmaq” adlı qətnaməsi ötən ilin dekabrında 186 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilib və dəstəklənib. COVID-19 pandemiyası ilə əlaqədar XXXII Olimpiya Oyunlarının təxirə salınması səbəbindən Olimpiya barışığının müddəti dəyişdirilib.
BOK-un prezidenti Tomas Bax bildirib ki, sülhü, dostluğu tərənnüm edən Olimpiya Oyunları bütün bəşəriyyətin bayramıdır.
Tokio- 2020 Olimpiadası Təşkilat Komitəsinin sədri Yoşiro Mori diqqətə çatdırıb ki, COVID-19-un dünya miqyasında yayılması münaqişə ilə mübarizə aparan bölgələrdə daha da çətinliklər yaratdığından dünyada insanları bir araya gətirmək və barışa kömək etmək üçün idman gücünə ümid etməyə davam edirik. XXXII Yay Olimpiya Oyunlarının idman vasitəsilə dinc və daha yaxşı bir dünya qurmasına kömək etmək üçün daha çox səy göstərəcəyik.
Xatırladaq ki, Olimpiya barışığı (“Ekixeriya”) 3000 il bundan əvvəl, antik dövrlərdə bütün iştirakçıların yarışlarda sərbəst, təhlükəsiz və azad iştirakı məqsədilə qəbul olunub. Qədim Yunanıstanda mövcud olan və Olimpiya barışığını ifadə edən “Ekixeriya” sözünün hərfi mənası “Silahı yerə qoymaq” deməkdir. Olimpiya barışığına riayət edilməsi ilə bağlı qərar ilk dəfə 1993-cü ildə oktyabrın 25-də BMT Baş Assambleyasının iclasında Lillixamerdə keçiriləcək 17-ci Qış Olimpiya Oyunları ilə əlaqədar verilib.