Avqustun 5-də Avstriyanın paytaxtı Vyana şəhərində Avropa çempionatının II divizionunda yüksək dəstəyə vəsiqə qazanmaq uğrunda mübarizə başlayacaq.
Ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandası da Avstriyaya yola düşəcək. Azərbaycan Otüstü Hokkey Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, yığmamız qarşıdakı məsul yarışa baş məşqçi Saleh Hüseynovun rəhbərliyi altında ciddi hazırlıq prosesi keçib. Hokkeyçilərimiz son təlim-məşq toplanışlarını İtaliya, Çexiya və Polşada keçərək həmin ölkələrin milli komandaları ilə bir sıra sınaq oyunlarında da qüvvələrini sınayıblar. Axırıncı təlim-məşq toplanışını Bakıda keçirən yığmamız avqustun 2-də Vyana şəhərinə yollanacaq. Qarşıdakı yarışda "A” qrupunda yer alan kişi hokkeyçilərimizin rəqibləri Şotlandiya, Uels və Fransa komandaları olacaq. "B” qrupuna isə İtaliya, Avstriya, Ukrayna və Rusiya milliləri daxildir. Qruplarda ilk iki yeri tutanlar növbəti mövsümdən qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ verən 2 vəsiqə uğrunda mübarizə aparacaqlar. III-IV yerlərdə qərarlaşanlar isə III diviziona düşməmək üçün 5-8-ci yerlər uğrunda yarışacaqlar.
Azərbaycan hokkeyçiləri ilk qrup oyununu avqustun 5-də Bakı vaxtı ilə saat 16.00-da Şotlandiya təmsilçilərinə qarşı keçirəcəklər. Ertəsi gün millimiz saat 18.00-da Uels yığması ilə qarşılaşacaq. Həmyerlilərimiz avqustun 8-də saat 14.00-da son qrup oyununda fransızlarla görüşəcəklər.
Qruplarda 1-2-ci yerləri tutanların avqustun 10-da "çarpaz” üsulla (2A -1B və 1A - 2B) keçirəcəkləri yarımfinal oyunlarında finalçılarıın adları müəyyənləşəcək. Yarışın son günü keçiriləcək görüşlər prinsipial xarakter daşımasa da, komandaların tutduqları yekun yerləri müəyyənləşdirəcək.
Milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Saleh Hüseynov hokkeyçilərimizin qarşıdakı yarışa ciddi hazırlaşdıqlarını deyib: «İki il əvvəl İtaliyanın Kataniya şəhərində keçirilən Avropa çempionatının III divizionunun qalibi kimi "Trofi” yarışlarına vəsiqə qazanan yığmamız bu dəfə də mərhələ keçərək özünü sübut etməyə çalışacaq. Hazırlıqlarımız məni qane edir. İnanıram ki, komandamız Vyanadan vətənə uğurlu nəticə ilə dönəcək».