SAĞLAMLIQ  GÖZƏL  NEMƏTDİR - Hekayə

SAĞLAMLIQ  GÖZƏL  NEMƏTDİR - Hekayə

Bu mövzunu mənə danışan dostum, dəyərli  ziyalı, gözəl insan, maraqlı jurnalist Vəli  Vəliyevə  ithaf eləyirəm.

                                                    Müəllif

 

Müəllimim, elmi rəhbərim, həyatımda, inkişafımda böyük xidmətləri olan insanlardan biri, biologiya elmləri doktoru,  professor , çoxlu əsəri xarici ölklərdə çap olunan Musa Əlizadə eşitmişdim ki, xəstələnib. Hətta bir neçə gün xəstəxanada yatıb, amma işimin çoxluğundan gedib onu görə bilməmişdim. Buna görə çox heyfslənirdim. Bəli, hamımız bir tikə çörək pulu qazanmaqçün səhərdən axşamadək işləyirik. Dost, tanış, qohrum yaddan çıxıb və ən əsası da istirahət eləməyə, sağlamlığımızın qayğısını çəkməyə  vaxtımız qalmır. Ümumiyyətlə, çoxumuz elə fikirləşirik ki, əgər biz olmasaq, bu iş görülməyəcək. Ya da bu işi heç kim bizim kimi görə bilməyəcək. Ona görə də başımız işə elə qarışır ki, çox şey yadımızdan çıxır. Hətta sağlamlığımız da...

Musa müəllim də belə insandı. Ömrünü elmə sərf eləyib. Əksər vaxt da öz sağlamlığını yaddan çıxarıb. Keçən il onun 85 illik yubileyini keçirtmişdik. Mən də onun tələbəsi kimi haqqında bir yazı yazmışdım.Hamı deyirdi ki, maraqlıdı. Özünün də çox xoşuna gəlmişdi. Yazıya belə bir ad qoymuşdum: “Allahdan ömür istəyirəm”. Musa Əlizadə Təbrizdə anadan olmuşdu. Baxmayaraq ki,  biz müstəqillik əldə eləyəndən və yollar açılandan sonra bir neçə dəfə Təbrizə getməyə cəhd eləmişdi, amma onlar siyasi mühacir olduğundan İran hökuməti ona Təbrizə getməyə icazə verməmişdi. Musa müəllimin yeganə bir arzusu vardı:Yetmiş dörd il bundan qabaq  ayrıldığı Təbrizi heç olmasa bir dəfə gedib görmək. O, bu ümidlə yaşadığından, bütün gücünü sərf eləyirdi ki, sağlam olsun və gedib Təbrizi görə bilsin. Mənim yazım da bu ruhda köklənmişdi və onun necə xoşuna gəlmişdisə, sevincindən hönkür-hönkür ağlayırdı. İnsanda bir şəhərə necə belə böyük sevgi, istək olarmış İlahi. Onun sözünün əvvəli də, axırı da yalnız Təbriz idi... Mənim adım da Təbriz olduğundan Musa müəllim məni digər tələbələrindən daha çox sevirdi. Özü də mənim adımı çox maraqlı bir vurğu ilə deyirdi. Elə bil  bu sözlə  Təbriz şəhərinə bir laylay çalırdı...

Bu gün zəng vurub hal-əhvalını öyrəndim. Çünki keçmiş iş yoldaşlarım deyirdilər ki, Musa müəllim yaman xəstələnib və deyir  ki, “belə getsə, deyəsən Təbrizi gedib görə bilməyəcəm”. Çünki koronavirusla bağlı gedən söz-söhbətdən, dünyada baş verən dəhşətli hadisələrdən çox pərişan bir durum yaşayırdı. Yaman pessimist olmuşdu. Stress keçirirdi. Ürəyində problemlər yaranmışdı. Özü biologiya  elmləri doktoru olduğundan, dərmanların tərkibini, tibb sahəsini həkimlərdən heç də az bilmirdi və  özü-özünü müalicə eləyirdi. Üzrxahlıq elədim  ki, xəstəxanaya gələ bilməmişəm. Ona çoxlu ürək-dirək verdim və sonda zarafatla  dedim ki, “professor, bu gün Təbriz özü gəlib sizi görəcək”. Ona görə də bütün işlərimi kənara qoyub, yüngül bir bazarlıq eləyib, onlara getdim. Musa müəllimin hər iki oğlu evli idi. Öz evləri vardı. Ayrı yaşayırdılar. O, üç otaqlı mənzildə həyat yoldaşı Həcər xanimla birlikdə yaşayırdı. Bu qədər elmi əsərlər yazan bir insanın maliyyə  imkanı olmadığından bağ evi də ala bilməmişdi. Qapını Həcər xanım açdı və məni görəndə sevindi.

-Səndən nə əcəb, ay Təbriz? Musa, Təbriz özü bizə gəlib. Daha rahat  nəfəs ala bilərsən,- deyə Həcər xanım ucadan qonaq otağında olan Musa müəllimə səsləndi.

Bunu eşidən Musa müəllim qapıya yaxınlaşdı. Məni görüb gülümsündü.

-Səni verənə min şükür, ay Təbriz. Mən Təbrizi gedib görə bilməsəm də sən Təbrizin gəlişi elə toy-bayramdı mənə. O, adəti  üzrə sağ əlini sol çiynimə qoydu və sol əlilə sağ çiynimə vurdu. Musa müəllim hamı ilə belə salamlaşırdı. Kişilərin öpüşməsindən zəhləsi gedirdi. Sonra üzümə baxıb gülümsündü və dedi:- Bu koronavirusdan sonra yəqin ki, hamı bir-birilə görüşəndə  mənim  bu üsulumu tətbiq eləyəcəklər.

- Biz elə tələbəlik illərindən sizin bu üsulunuzu tətbiq edirik də, professor.  Koronavirus başlayandan  da bu üsulu hamıya təbliğ edirik.

- Deməli, düz eləyirsiz.

Biz qonaq otağına keçdik. Gördüm ki, otaqda stolun üstünə süfrə salınıb və bəzi çərəzlər düzülüb. Başa düşdüm ki, professor mənim  gəlişimi  gözləyirmiş.

-Ay  bala, yağlı əppəyə dönübsən. Niyə  neçə müddətdir ki, görünmürsən? Axı bilirsən ki, səninlə mənim söhbətim tutur. Həm də sənin adın Təbriz olduğundan mənə Təbrizin ətrini gətirirsən.

- Professor, görürsünüz ki, altı aydır dünya bir-birinə qarışıb.Yer-göy çalxalanır...  Mənim də işlərim çox olur. İnanın, bütün  günü işdə oluram... Bir tikə çörək pulu üçün günün ən azından on altı saatını işləyirəm.

- Sizin qəzeti də, saytı da izləyirəm. Çox yaxşı yazılar verirsiniz. Əsl maarifləndirici işlər görürsünüz. Məddahlıq eləmirsiz. Hər şeyi olduğu kimi, bəzəksiz-düzəksiz yazırsız. Mətbuat yalnız bu yolla böyük uğurlar qazana bilər. Ətrafına çoxlu oxucular toplaya bilər. Rəhmətlik Həsən bəy Zərdabi deyirdi ki,      “mətbuatda söyüş, təhqir yazanlar atasından bixəbər adamlardı”. Təhqirlə, söyüşlə, şantajla heç bir jurnalist uğur qazana bilməz... Mən də bunu düzgün yol hesab eləmirəm.

- Elədi, professor. Bugünki jurnalistlər XIX, XX əsr jurnalistlərinin yazdıqlarını oxusalar , heç vaxt təhqiredici, söyüş və şantajla dolu yazılar yazmazlar...

- Sən elə biologiya fakültəsində təhsil alanda, mətbuatdakı yazılarını oxuyub, məsləhət bildim ki, bu sahədə daha böyük uğur qazana bilərsən.

- Çox sağ olun ki, o vaxt mənə düzgün yol göstərdiniz. Professor, siz axı səhhətinizə fikir verənsiniz, bəs niyə ürəyinizdə problem yaranıb?

- Günahkar özüdü,- deyə Həcər xanım dedi. Son vaxtlar deyir ki, Təbriz tez-tez yuxuma girir. Bizi yaman qorxutdu. Birdən-birə təzyiqi çox yüksək oldu. Burnundan qan açıldı. Təcili-Tibbi Yardımdan həkimlər gəlib, qanı birtəhər saxladılar.  Xəstəxanaya getmək istəmirdi. Birtəhər, yalvar-yapışla apardıq. Orada da cəmi beş gün qaldı...

- Hə, bu nədisə bilmirəm. Son vaxtlar Təbrizi tez-tez yuxuda görürəm. Baxmayaraq ki, orada cəmi on iki il yaşamışam, Bakıda  artıq yetmiş dörd ildir ki, yaşayıram. Deməli, bu, həqiqətən düzdür ki, adam qocalanda doğulduğu yer onu öz qoynuna daha çox çəkir. İrandakı molla rejimi də imkan vermir ki, heç olmasa bir dəfə gedib Təbrizi görüm...  Mənə deyirlər ki, sənin dayıların, anan inqilabçı, atan da azadlıq ordusunun zabiti olduğundan, sənə bu ölkəyə gəlmək olmaz. Onlara başa sala bilmirik ki, dayılarım, anam şah rejiminə qarşı vuruşublar. Atam da Cənubi Azərbaycanın şah rejimindən xilas olmağı uğrunda şəhid olub. Bunun sizə nə aidiyyatı? Ay əbləhlər...

O, sözünün ardını deyə bilmədi və kövrəldi.

-Bax, hər gün belədi. Yuxuda Təbrizi görüb, səhər də beləcə ağlayır. İranda koronavirusdan ölənləri oranın ölkə rəhbərindən daha çox Musa izləyir və onlara acıyır...

- Sənə bir maraqlı mövzu danışmaq istəyirəm, ay Təbriz. Bu hadisəni mən on bir yaşım olanda görmüşəm. İndi tez-tez yadıma düşür. Əsasən də son vaxtlar xəstələnəndən sonra gözlərimin qarşısından heç getmir. Sən yazı-pozu adamısan. Yəqin gələcəkdə gərəyin olar, ay Təbriz.

-Professor, o hansı hadəsədi, - deyə maraqla Musa müəllimə baxdım.

- Biz ailədə iki qardaş idik. Atam İran inqilabı vaxtı ajanlar tərəfindən öldürülmüşdü. Şeyx Məhəmməd Xiyabaninin ordusunda zabit idi. Anam biz iki qardaşı çox çətinliklə dolandırırdı. O, çox istəyirdi ki, biz təhsil alaq. Çünki bu, atamın arzusu idi. O vaxt mən məktəbə gedirdim.  Dərslərimi hamıdan yaxşı oxuyurdum. Sinfimizdəki uşaqların çoxu varlı övladları idi. Amma dərslərini pis oxuyurdular. Mən onlara dərslərini hazırlamaqda çox köməklik eləyirdim. Anam isə istəmirdi ki, mən varlı uşaqlarla daha çox təmasda olum. Deyirdi ki, onlar səni yoldan çıxararlar. Amma bir sinif yoldaşımla daha çox yaxın idik. Baxmayaraq ki, biz dördüncü sinifdə oxuyurduq, o, demək olar ki, dərslərini heç birinci sinfin səviyyəsində bilmirdi. Hər gün mənə çoxlu qoz, fındıq, şirin qoğal, bamiyə gətirirdi ki, mən ona dərslərini öyrənməkdə köməklik eləyim. 

-Bəs bu qədər ali məktəbdə dərs dedin, niyə heç bir tələbədən pul almadın? Heç olmasa bağ alardıq, indi bu istidə şəhər evində boğulmazdıq, gedib bağda yaşayardıq,- deyə Həcər xanım ona sataşdı.

- O vaxt uşaq idim. Böyüyəndə başa düşdüm ki, rüşvət almaq dünyada ən böyük şərfəsizlikdi. Alçaqlıqdı.

- Şərəfsizlərlə indi bütün dünya doludur. Onlar özlərini dünyada ən şərəfli adam bilirlər,- deyə Həcər xanım yenə də eyham elədi.

- Bir dəfə həmin oğlan məni məcbur elədi ki, onlara gedək. Məktəbin yanında yaşayırdılar. Anamdan  xəlvət onlara getdim. Gördüm ki, evləri  üç mərtəbəli böyük,  geniş bir evdi. Çox böyük həyətləri var. Həyət elə bil cənnətdi. Quşların  səsi adamı valeh eləyirdi. Gördüm ki, böyük bir hövuzun yanında bir kresloda büzüşmüş vəziyyətdə bir kişi oturub. Altmış, yetmiş yaşlarında. Dostumun adı Cavid idi. Soruşdum ki, bu kişi sənin babandı?

- Yox, atamdı. Cəmi qırx yaşı var. Xəstə olduğuna görə bu vəziyyətə düşüb. O, İranda ən böyük tacirlərdən biridi. Bir neçə ildi xəstələnib. Həkimlər heç cürə sağalda bilmirlər. Hətta xarici ölklərdən də həkimlər gəlir, amma dərdinə əlac tapa bilmirlər.

Bu vaxt həyətin darvazası açıldı. İki yekəpər, çox ucaboy adam həyətə girdi. Onlar elə yeriyirdilər ki, yerişlərindən elə bil yer-göy lərzəyə gəlirdi. Belə adamlar Təbrizin bazarında ağır yükləri daşıyırdılar. Mən Təbrizin bazarında belə adamlar görmüşdüm. Adam onlara baxanda qorxurdu. Fikirləşdim ki, yəqin gəliblər burada da iş görsünlər. Onları qulluqçular qarşıladı. Apardılar həmin kişi oturan kreslonun yanına. Orada tez süfrə saldılar. Onlara əllərini yumağa mis qabda su, ləyən  və əllərini silməyə dəsmal  gətirdilər. Onlar bardaş qurub oturdular. Hər ikisinin qabağına məcmeyidə səbzi plov gətirdilər. Plovun üstü ətlə, çərəzlərlə, xuruşlarla dolu idi. Həmin adamlar yekə əllərilə səbzi plovu çox ləzzətlə yeyə-yeyə və ağızlarını marçıldada-marçıldada Cavidin atasına baxırdılar. Hərdən də əllərindəki plovu ona göstərib, yemək təklif eləyirdilər və sonra da tez öz ağızlarına basırdılar.  Ağızlarını daha möhkəm marçıldadırdılar.  Bu vaxt Cavidin atası, qulluqçuya  əl işarəsilə göstərdi ki, “gətirin”. Qulluqçu tez balaca mis qabda nə isə gətirdi və qaşıqla bir neçə dəfə Cavidin atasının ağzına qoydu. Sonra  o, əl işarəsi ilə dedi ki, daha istəmir. Həmin iki adam çox böyük ləzzətlə plovu yeyir və  ağızlarını elə marçıldadırdılar ki, mənim də yeməyə iştaham hədsiz dərəcədə artdı.

-Bəs sizə yemək vermədilər,- deyə Həcər xanım səbrsiz soruşdu.

Onlar durub gedəndən sonra bizə də bir küncdə süfrə sərdilər. Cavidə və mənə də yemək verdilər. İnanın, həmin səbzi plovun dadı indi də damağımdadı.

- Məgər mən pis plov bişirirəm?- deyə Həcər xanım incik dilləndi.

- O vaxt bizim evdə demək olar ki, elə çoxlu ədviyyatla hazırlanan səbzi plov yeyə bilmirdik. Çünki, çox kasıb yaşayırdıq. Cavid dedi ki, bu hamballar hər gün gəlir və onlara belə böyük qablarda plov verirlər ki, atam da onlara baxıb həvəsə gəlsin və  bir-iki qaşıq yemək yesin. Həmin kişi danışa bilmirdi. Amma o vaxtı bizə çox baxdı və dərindən bir ah çəkdi. Bax, bu məqamı mən indi də yadımdan çıxara bilmirəm. Sonralar başa düşdüm ki, həmin “ah” sağlamlıq adlı bir nemət imiş. Cavidin atası pulu çox olduğundan ömrünü yeyib-içməkdə, eyş-işrətdə, kefdə-damaqda keçirib və fikirləşib ki, pulu çoxdur, heç bir xəstəlik ona kar eləyə bilməz... Bir neçə gündən sonra  o, dünyasını dəyişdi. Yığdığı var-dövlət, cah-cəlal onun sağlamlığını qorumağa köməklik eləmədi...

Axır vaxtlar çoxlu var-dövlət yığan, xalqın malını talayan, milyardları olan, amma ölümlə əlləşən adamları görəndə Cavidin atası yadıma düşür...Özlüyümdə deyirəm: “Ay şərəfsizlər, axı niyə xalqın malını oğurlayıb, özünüzə yığırsız. Onsuz da  o dünyaya bir neçə metr ağ parçadan başqa heç nə apara bilməyəcəksiz. Həmin pulları  sağlığınızda heç olmasa kasıb-küsuba paylayın ki, sonra siz öləndə sizə rəhmət desinlər. Adamlar tanıyıram düz on dəfə Həcc və Kərbəla ziyarətinə gediblər. Elə həmin  pulu burada kasıb-küsuba versəydilər Allahın  daha çox hörmətini qazanardılar. Həcc və Kərbəla belə adamlarçün bir sipər, şənbazlıqdı”.

Bu koronavirus xəstəliyi başlayanadan sonra isə fikirləşirəm ki, niyə adamların çoxu özlərini və ətrafında olanları bu xəstəlikdən qorumaq  istəmir?.. Yəqin gələndə gördün. Bizim həyətdə bir tərəfdə arvadlar oturub, ağızlarına nə gəldi danışırlar. Bir tərəfdə kişilər nərd, kart oynayır, bir tərəfdə də cavan uşaqlar yığışıb siqaret çəkir, pivə, enerji adlı içkilər içir, laqqırtı vururlar. Bu adamların qızıldan qiymətli vaxtlarına heyfləri gəlmir. Onlar elə fikirləşir ki, yenə, bir dəfə də dünyaya gələcəklər... Bax məni ən çox düşündürən, yuxumu ərşə çəkdirən adamlarımızın belə laqeyid, cavabdehsiz, etinasız  olmasıdı...

Ürəyim buna görə ağrayır...

Cavanlıq illərimdə bir dostum vardı. Sadıq müəllim. Kimya üzrə çox maraqlı elmi iş yazmışdı. Amma ona heç cürə imkan vermirdilər ki, müdafiə eləsin. İnan ki, vunderkin idi. Axırıncı dəfə müdafiəsinə imkan vermədikləri vaxt, otağımıza gəldi belə bir maraqlı pritça danışdı: “ Od, su və vicdan dost idilər. Necə deyərlər, aralarından  su belə keçmirdi. Bir gün od dostlarından  soruşur:

-Dostlar. Əgər biz-birimizi itirsək, necə tapa bilərik? Dostlarının susduğunu görüb deyir:- Əgər məni itirsəniz, harada isti yuva, isti qucaq görsəniz, bilin ki, orada tapa bilərsiz.

Su deyir:

-Məni harada çiçəklər, ağaclar, yaşıllıq, gözəl həyat görsəniz, orada tapa  bilərsiz.

Vicdan susur. Oturub  dostlarına diqqətlə qulaq  asır. Su və od vicdanın belə susmasına çox narahat olurlar və  sual dolu nəzərlə ona baxırlar. Vicdan  onlara diqqətlə baxıb belə cavab verir:

-Dostlar, əsas odur ki, siz çalışın məni itirməyin. Çünki məni itirsəniz, bir də tapa bilməyəcəksiniz”.

Sonra Sadıq müəllim mənim üzümə baxıb dedi:

-Musa müəllim, elmi şurada olanlar öz vicdanlarını itiriblər. Elə bilirlər ki, mən bu elmi işimin müdafiəsinə görə onlara pul verəcəm. Onu heç vaxt görməyəcəklər.

O vaxt da 1987-ci ilin axırı  idi. 1988-ci ildə məlum hadisələr qarışan vaxtı Sadıq Murtuzlu Almaniyaya köçüb getdi. Eşitdik  ki, az bir vaxtda elmi işini orada müdafiə  eləyib. Sonra onun elmi işini kimya sənayesində tətbiq eləyiblər. Bu iş həm Almaniya dövlətinə və həm də Sadıq müəllimə çoxlu pullar gətirib. İndi də orada yaşayır. On il bundan qabaq mənə və Həcərə də Almaniyaya  gedib gəlməyə təyyarəyə bilet almaq üçün  o, pul göndərmişdi. Gedib on beş gün orada qaldıq. Çox yaxşı yaşayır. Hər cürə şəraiti var. Almaniyada ən varlı adamlardan  biridi. Təkcə Almaniyanı yox, qonşu ölkləri də bizə göstərdi. Mənə dedi ki, qalıb orada işləyim, çünki mənim kimi bioloq-alimə orada böyük ehtiyac var. Amma bax, bu Həcər razı olmadı. Dedi ki, mən Vətənsiz ölərəm. İndi təqaüdə çıxandan sonra aldığım qəpik-quruşla yaşayırıq. Biologiya sahəsində bu qədər xidmətlərim  olsa da, mənə Prezident təqaüdü vermirlər. Bilirsən niyə? Çünki, məddah deyiləm...

O susdu. Harasa uzaqlara baxdı. 

-Mənim aləmimdə ziyalı millətin görən gözü, düşünən beyni, danışan dili olmalıdı. Ziyalının əlindən bunları alan hökumət ilk öncə  özünə balta çalır... Ay Təbriz, axır vaxtlar tam bu qənaətə gəlmişəm ki, həyatı çox yaxşı dərk eləyənlər, anlayanlarçün yaşamaq yaman çətindir. Demə, həyatı anlamaq böyük faciə imiş...

İndi başa düşürəm ki, bizim biçarələr- Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Məmmədəmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy... nələr çəkirmişlər... O kişilər çiyinlərində millətin dağdan ağır yükünü çəkə-çəkə özlərini fəda etdilər, sağlamlıqlarını xalqın yolunda xərclədilər... Şam kimi yandılar...

 

AĞALAR  İDRİSOĞLU

Əməkdar incəsənət xadimi

 

Sumqayıt  şəhəri,

 05-06 iyul, 2020- ci il