Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq və növbəti Sessiyasına dair onlayn iclas keçirəcək.
Toplantı bu gün baş tutacaq. İclas Tokio olimpiadası başlamazdan əvvəl nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası IOC-u tədbirlərini təxirə salmağa məcbur edib. Olimpiada martda təxirə salınıb, BOK, Tokio-2020-nin Təşkilat Komitəsi və beynəlxalq idman federasiyaları yarış üçün yeni şərtlərlə plan hazırlayıblar.
Tokio olimpiadasına hazırlıq üzrə Koordinasiya Komissiyası BOK-a yarışın təşkili ilə bağlı son qərarları əks etdirən hesabat təqdim edəcək. Mayda IOC olimpiya hərəkatına dəstək məqsədi ilə 800 milyon ABŞ dolları ayırıb. Beynəlxalq federasiyalar və milli olimpiya komitələri bu vəsaitdən 150 milyon dollar alacaq.
BOK İcraiyyə Komitəsi öz növbəsində planlaşdırılan yarışların təşkilat komitələrinin hesabatlarını dinləyəcək. Bunlar 2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları və 2024-cü ildə Cənubi Koreyanın Kanvondo şəhərində təşkil olunacaq Yeniyetmələrin Qış Olimpiya Oyunlarıdır. İclasın gündəliyindəki son məsələ BOK-un 136-cı Sessiyasının müzakirəsi olacaq. Təşkilatın tarixində ilk dəfə onun əsas idarəetmə orqanı cari məsələləri onlayn şəkildə müzakirə edəcək. Sessiya iyulun 17-də videokonfrans formatında olacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.