2016-cı ildə 200 metr məsafəyə qaçış üzrə Olimpiadanın iştirakçısı Didji Stivens üç dopinq testdən keçmədiyi üçün 18 ay müddətinə diskvalifikasiya edilib. Dopinq nəzarətçiləri 25 yaşlı amerikalı atlet tərəfindən 2019-cu ilin fevral, avqust və noyabr aylarında dopinq qayda pozuntusu qeydə alıblar. Diskvalifikasiya 2020-ci il fevralın 17-dən 2021-ci il avqustun 16-dək davam edəcək. Bununla da, D.Stivens Tokio Olimpiadasında iştirak etmə imkanını əldən verib.
İdmançı isə özünə haqq qazandırmaqdan çəkinməyib. Onun sözlərinə görə, ilk test zamanı onun telefonunun enerjisinin bitib və dopinq nəzarətçiləri onunla əlaqə saxlaya bilməyiblər. Növbəti dəfə möhkəm yuxuda olduğuna görə, nəzarətçilərin 22 dəqiqə ərzində onun otağının qapısını vurmasını eşitmədiyini deyib. Üçünçü dəfə isə o, naməlum bir pərəstişkarın təqibindən xilas olmaq üçün telefon nömrəsini dəyişdirməyə məcbur olduğunu bildirib.