Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Beynəlxalq Olimpiya Akademiyasının birgə təşkilatçılığı ilə Yunanıstanda məşqçi-müəllimlər, fəal gənclər və könüllülər üçün təşkil olunmuş Yay Olimpiya Məktəbi davam edir.
Proqrama əsasən, tədbirin ikinci günündə - avqustun 3-də məktəbin iştirakçıları Delfi şəhərinə gəliblər.
Qonaqlar əvvəlcə şəhərin mərkəzində yerləşən arxeoloji muzeylə tanış olublar. İştirakçılara muzeyin tarixi və eksponatlar barədə ətraflı məlumat verilib. Onlara bildirilib ki, muzey 13 zaldan ibarətdir və burada 1500-dən artıq eksponat nümayiş olunur. Eramızdan əvvəl VI əsrdən indiyədək qorunan mədəniyyət nümunələrini seyr edən azərbaycanlı qonaqlar muzeydən xoş təəssüratlarla ayrılıblar.
Delfidə açıq səma altında fəaliyyət göstərən tarixi qoruğu ziyarət xüsusilə, böyük maraq doğurub. Azərbaycanlı qonaqlar burada qədim afinalıların istifadə etdikləri xəzinə və qədim yunanların allahı olan Zevsin məbədinin dövrümüzədək gəlib çatan qalıqları ziyarət ediblər.
Azərbaycanlı qonaqlar ilk Olimpiya oyunlarının keçirildiyi stadionda da olublar. Onlara bu mötəbər yarışın tarixi barədə ətraflı məlumat verilib.
Ziyarətdən sonra iyulun 4-də qədim Olimpiya şəhərində Yay Olimpiya Məktəbinin açılış mərasimi keçirilib. Əvvəlcə Olimpiya himni səsləndirilib. Sonra BOA-nın direktoru Dionissis Gangas və BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis iştirakçıları salamlayüıb. Akademiyanın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verən natiqlər 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndiriblər.
Onlar bildirmişlər ki, Azərbaycanda Olimpiya hərəkatı inkişafdadır. İdmançılar Olimpiya oyunlarında uğurlu nəticələr əldə edirlər. Bütün bunlar ölkədə idmana göstərilən dövlət qayğısının nümunəsidir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və yüksək qonaqpərvərliyə görə, BOA-nın rəhbərliyini öz minnətdarlığını bildirib. Qədim Olimpiya Oyunları və BOA-nın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra BOA-nın dekanı, Yunanıstandakı Peleponnese Universitetinin vitse-rektoru Konstantinos Georiadis "1961-2013: Beynəlxalq Olimpiya Akademiyasının tarixi” və BOA-nın arxeoloqu Vassiliki Tzaçrista "Qədim Olimpiya Oyunlarının tarixi” adlı məruzələrlə çıxış ediblər.
İştirakçılar onları maraqlandıran suallara cavab aldıqdan sonra BOA-nın yaxınlığında müasir Olimpiya oyunlarının banisi fransalı pedeqoq Baron Pyer de Kubertenin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Qeyd edək ki, fransalı pedeqoqun ürəyi məhz bu abidənin altında dəfn edilib. Mərasimdə abidə önünə əklil qoyulub və Azərbaycan nümayəndə heyıtinin rəhbəri Vüqar Əhmədov BOA-nın direkotruna xatirə hədiyyələrini təqdim edib.
BOA-nın tikilməsində böyük xidmətləri olmuş alman və yunanıstanlı mühəndislərin şərəfinə ucaldılmış abidə də ziyarət olunub.