Avqustun 3-4-də İstanbulda kartinq üzrə Türkiyə çempionatının növbəti-4-cü mərhələsi keçirilib. Yarışda ölkəmizi kartinqçimiz Gülhüseyn Abdullayev təmsil edib. Həmyerlimiz böyükyaşlı idmançıların iştirakı senior kateqoriyası üzrə keçirilən yarışlarda bütün rəqiblərini üstələyərək birinci olub. Təsnifat mərhələsində idmançımız ikinci olsa da, növbəti iki yarışda finiş xəttini birinci keçib. Bununla da idmançımız ilk dəfə olaraq senior kateqoriyasında Türkiyə çempionu adını qazanıb. Xatırladaq ki, buyaxınlarda Gülhüseyn Abdullayev Türkiyədə Rotax Max-2013 cunior kateqoriyasında qələbə qazanaraq ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə əldə etmişdi. Qeyd edək ki, noyabrın 13-dən 16-dək ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək «Rotax Max Challenge Grand Finals 2013» dünya çempionatında ilk dəfə olaraq Azərbaycanın bayrağı yüksələcək. Yarışda 60 ölkədən dünyanın ən güclü pilotları qələbə uğrunda mübarizə aparacaq. Builki yarışlarda çıxışlarından danışan kartinqçimiz belə deyib: «Kartinq üzrə Azərbaycan çempionuyam. Azərbaycanda bu növ üzrə yarışlar keçirilmədiyinə görə Türkiyə çempionatlarında qüvvəmi sınayıram. Dünya çempionatında yalnız yarışlarda qalib gəlmiş idmançılar iştirak edə bilərlər. 2011-ci ildən Türkiyə çempionatına qatılıram. 2013-cü il mənim üçün uğurlu oldu. Türkiyədə Rotax Max-2013 yarışlarında cunior kateqoriyasında birinci oldum və ABŞ-da keçiriləcək dünya çempionatına vəsiqə qazandım. Qürur hissi keçirirəm ki, Azərbaycanı ilk dəfə dünya çempionatında təmsil edəcəyəm. 16 yaşlı idmançının ABŞ-da Azərbaycanın bayrağını qaldırmasından gözəl nə ola bilər ki? Üzərimə böyük məsuliyyət düşür. Buna görə də bir qədər gərginlik keçirirəm. Türkiyə çempionatında senior kateqoriyasında ilk dəfə qalib gəldim. Bu yarışda çempion olmağım mənə dünya çempionatına daha da yaxşı hazırlaşmağım üçün əlavə ruh yüksəkliyi verir».
Qeyd edək ki, kartinqçimiz dünya çempionatına hazırlıq məqsədilə Türkiyədə yarışlardan sonra təlim-məşqlərdə iştirak edir.
Aysel