“İqtisadçı”nın yeni transferi millisinə köməklik edəcək

“İqtisadçı”nın yeni transferi millisinə köməklik edəcək


Qadın voleybolçular arasında Almaniya millisinin heyəti açıqlanıb. Yığmanın baş məşqçisi Covanni Qudietti Dünya Qran-Prisi üçün müəyyənləşdirdiyi yekun siyahıya Azərbaycan Super Liqasından 2 voleybolçunun adını da daxil edib. Belə ki, mütəxəssis avqustun 2-4-də İtaliyanın Montiçari şəhərində baş tutacaq ilk mərhələdə son mövsümü "Lokomotiv”də keçirən Korina Suşke və "İqtisadçı”nın yeni transferi Lenka Dürrə də şans verəcək. E qrupunda yer alan almanlar ilk 3 görüşdə ev sahibləri, Argentina və Qazaxıstanla oynayacaqlar. Məlumat üçün bildirək ki, "İqtisadçı”nın yeni transferi Lenka Dürr ilk dəfə legioner həyatı yaşayır. Azərbaycan Super Liqasının yeni üzvü 2006-cı ildən şərəfini qoruduğu "Rote Raben”ə gələnə qədər, "Straubinq” klubunda (2005-2006) oynayıb. 171 sm boya malik Lenka 2008-ci ildən Almaniyanın əsas millisinə dəvət alıb. Dürr bundan 1 il öncə 18 yaşadək voleybolçular arasında Avropa, 2009-cu ildə U-20-lər arasında dünya çempionluğunu bayram edib. Elə həmin il Qran-prinin bürüncünü qazanan Lenka 2011-ci ildə yığmasına Avropa çempionatının finalına çıxmasında da pay sahibi olub. Bununla yanaşı, 2 dəfə Almaniya çempionatının (2008, 2010) və 1 dəfə ölkə kubokunun (2009) qalibi adına yiyələnib. Qeyd edək ki, Dürr millisinin heyətində 34 matç keçirib.