“Azəryol” komandası hazırlıqlarını davam etdirir

“Azəryol” komandası hazırlıqlarını davam etdirir


Bu il Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Azəryol” komandası hazırlıqlarını davam etdirir. Paytaxt təmsilçisi yeni məşqçisinin keçidini reallaşdırıb. Komanda rəhbərliyi Ancelo Vercesinin təklifi ilə "Skavolini”nin çalışdırıcısı Ançe Karlinonu braziliyalıya köməkçi təyin edib. Karlinonla artıq 1 illik müqavilə də imzalanıb. Komanda özünü yeni mövsümdən yaxşı göstərəcəyi halda, hər 2 mütəxəssisin "Azəryol”la müqaviləsi artırıla bilər. Yeri gəlmişkən, Vercesi ilə Karlino Apennin yarımadasında birgə çalışıblar və bir-birlərinin iş prinsipinə yaxşı bələddirlər. Qeyd edək ki, braziliyalı 2011/2012-ci illər mövsümündə "Bakı”da işləyəndə də özünə əsas köməkçi kimi italiyalı mütəxəssisi götürmüşdü. Məhz Vercesinin komandadan gedişindən sonra Marko Qaspari də vətəninə dönmüşdü.
Məlumat üçün bildirək ki, "Azəryol” daha bir oyunçusu ilə vidalaşıb. Bakı təmsilçisi bu dəfə italiyalı liberosu Luna Karokki ilə yollarını ayırıb və 24 yaşlı voleybolçu yenidən vətəninə qayıdıb. O, "Urbino” ilə 1 illik müqavilə imzalayıb. 

"Azəryol” voleybolçu Manon Flierlə də yollarını ayırıb. Klub rəhbərliyi 29 yaşlı legionerlə müqavilənin müddətini artırmaq istəməyib. Bununla da bu komanda heyətində yer alan Hollandiya yığmasının hər 3 voleybolçusu ilə vidalaşıb. Çünki "Azəryol” Flierə qədər Debbi Stam və Karolina Vensinkinlə müqavilənin müddətini artırmaqdan imtina etmişdi. Bakılılar hollandiyalarla yanaşı, Riikka Lehtonen (Finlandiya), Milena Radeçka (Polşa) və İndre Sorokayte (Litva/İtaliya) ilə də müqaviləni artırmayıb. Əvəzində komanda ABŞ millisinin voleybolçusu Tom Loqanla razılığa gəlib. 32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, Bakı klubuna Braziliyanın "Unilever” klubundan transfer edilib. Loqan buna qədər "Stanford University” (1999-2002, ABŞ), "Minas” (2003), "Cesi” (2003-2004), "Çyieri” (2004-2005), "Novara” (2009-2010, hamısı İtaliya), "Volero” (2005-2006, İsveçrə), "Tenerife” (2006-2007, İspaniya), "Quançjou Everqrand” (2010-2011, Çin) və "Fənərbağça” (2010-2012, Türkiyə) klublarının heyətində çıxış edib. Yer aldığı bütün klublarda medal qazanan Tom avrokubokların da müxtəlif əyarlı medallarına layiq görülüb. 2012-ci ildə isə o, "Fənərbağça” klubu ilə Bakıda Çempionlar Liqasının qızıl medalını qazanıb. Təcrübəli voleybolçu, yığmasının heyətində də kifayət qədər titula yiyələnib. 2000-ci ildən əsas komandada çıxış edən Tom dünya Qran-Prisinin 4 dəfə qızıl (2001, 2010, 2011, 2012), 2 dəfə bürünc medalına (2003, 2004) sahib çıxıb. Pekin (2008) və London Olimpiadasının (2012) finalında qüvvəsini sınayan voleybolçu 2002-ci ildə dünya çempionatının gümüş medallarına yiyələnib. Loqan həmçinin Dünya kubokunun 1 gümüş (2011) və 2 bürünc (2003, 2007) medalına da yiyələnib. O, titul qazandığı yarışlarda dəfələrlə ən yaxşı voleybolçular arasında yer alıb.
Qeyd edək ki,”Azəryol” Oksana Porxomenko, Kseniya Kovelenko və Valeriya Korotenko ilə bağladığı müqavilənin müddətini artırıb.