Eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün yeni imkanlar açılır

Eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün yeni imkanlar açılır

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsində Milli Abilimpiya Federasiyasının təşkilat komitəsinin eşitmə və nitq məhdudiyyəti olan insanları təmsil edən bir neçə QHT-lərlə ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Abilimpiya Federasiyasının təşkilat komitəsinin üzvləri Aqşin Babayev və Cavad Qasımov, “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyinin sədri Aidə Mövlud, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova, “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov iştirak ediblər.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov görüş zamanı bildirib ki, ölkəmizdə yaxın günlərdə Milli Abilimpiya Federasiyası öz fəaliyyətinə başlayacaq. Abilimpiya hərəkatı  vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı,  gələcəkdə məşğulluq və özünüməşğulluq proqlamlarında da iştirak edəcəklər. Komitə rəhbəri qeyd edib ki, 2021-ci ilin may ayında Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya çempionatında iştirak edəcək milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. «Eşitmə və nitq məhdudiyyəti olan insanların da bu yarışlarda iştirak etmələri çox vacibdir. Beləliklə bu qrup insanların öz istedadlarını və qabiliyyətlərini göstərmək üçün yeni imkanlar açılır və bu imkanlar onların həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir», -deyə İlqar Rəhimov vurğulayıb.
Sonra Azərbaycanda Abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.


Azər Tapdıqov,
Azərbaycan Respublikası
Milli Paralimpiya Komitəsinin mətbuat katibi

Eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün yeni imkanlar açılır