Bülənt Karslıoğlu yenidən “İqtisadçı”da

Bülənt Karslıoğlu yenidən “İqtisadçı”da

"İqtisadçı”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bakı təmsilçisinə 2013/2014-cü illər mövsümündə türkiyəli Bülənt Karslıoğlu rəhbərlik edəcək. Təcrübəli mütəxəssis paytaxt təmsilçisinə yad deyil. Belə ki, 2011/2012-ci illər mövsümünün gedişində komandanın düşərgəsinə cəlb olunan, ardınca 1 illik müqavilə imzalanan Karslıoğlu ötən il XIII turdan sonra istefaya göndərilmişdi.

Halbuki həmin vaxt "İqtisadçı” çempionatda I yerdə gedirdi. Görünür, komanda rəhbərliyi yenidən uğur qazanmaq üçün türkiyəliyə ehtiyac duyub və yenidən baş məşqçi postunu ona həvalə edib. Bu dəfə isə Karslıoğlunun ən azı 1 il "tələbələrə” rəhbərlik edəcəyi proqnozlaşdırılır.Qeyd edək ki, Karslıoğlunun gedişindən sonra klub Kiattiponq Radçataqriaqkrı baş məşqçi postuna gətirsə də, tailandlı ölkəmizdə uğursuzluqları ilə yadda qaldı. Nəticədə, ötən mövsümün sonunda o, komandadan qovuldu və "İqtisadçı”nı son turlara köməkçi məşqçi Fərid Cəlalov çıxardı.
Məlumat üçün bildirək ki, ötən mövsüm Super-liqanın medallarına yiyələnən "İqtisadçı” klubu da hazırlıqlarını davam etdirir. Bu il güzəştli kart sayəsində Çempionlar Liqasına vəsiqə qazanan universitet komandası bir neçə güclü voleybolçunu heyətinə cəlb edib. "Tələbələr” ABŞ yığmasının voleybolçusu Aleksandra Klinemanla müqavilə imzalayıb. 24 yaşlı oyunçu yeni komandasına İtaliyanın "Villa Kortese” klubundan transfer edilib. Aleksandra buna qədər "Stanford University” (2007-2010) və "Skovolini” (2011-2012) klublarının şərəfini qoruyub. Apennin yarımadasında son 2 mövsümdə ölkə kubokunun finalında mübarizə aparan bu voleybolçu bu il həmin yarışın qalibi olub. 2008-ci ildən öz ölkəsinin millisinə dəvət alan Klineman 2011-ci ildə Panamerika Oyunlarında komanda ilə birlikdə bürünc medal qazanıb. 195 sm boya malik voleybolçu həmçinin gənclər yığmasının heyətində də mükafatçılar sırasında yer alıb. "İqtisadçı” klubu həmçinin Çin millisinin oyunçusu Vey Kiuyue ilə razılığa gəlib. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına "Tianjin” klubundan transfer edilib. 182 sm boya malik toppaylayıcı "Tianjin”lə 7 dəfə Çin çempionu, 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olub. O, həmçinin ölkə çempionatında gümüş medal da qazanıb. 2006-cı ildə əsas milliyə dəvət alan voleybolçu 200-dən artıq oyunda qüvvəsini sınayıb. Kiuyue Asiya Oyunlarının (2010), Asiya çempionatının (2011) və Asiya kubokunun (2008, 2010) qalibi olub. Çinli oyunçu qitə çempionatının 2 (2007, 2009), dünya Qran-prisinin 1 gümüş (2007), Pekin Yay Olimpiya Oyunlarının (2008) və dünya çempionatının bürünc (2011) medallarına yiyələnib. Bakı təmsilçisi Çin millisinin toppaylayıcısı Vey Kiuyuenin ardınca orta sahə oyunçusu Yun Ven Manı da heyətinə cəlb edib. 189 sm boya malik 27 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. O, "İqtisadçı”ya "Şanxay” klubundan transfer edilib. Ma 3 dəfə (2009, 2010, 2012) Çin çempionu olub. 2005-ci ildən əsas yığmaya çağırılan oyunçu burada 189 oyunda qüvvəsini sınayıb. Millisi ilə o, 2 dəfə Asiya kuboku (2008, 2010), 2 dəfə Asiya çempionatı (2005, 2011) və 1 dəfə Asiya Oyunlarının (2010) qızıl medalına yiyələnib. O, həmçinin dünya Qran-prisinin (2007), Asiya çempionatının (2007, 2009) ikincisi, Pekin Olimpiadasının (2008) və Dünya kubokunun üçüncüsü olub. "İqtisadçı” Hollandiya millisinin voleybolçusu Manon Flier və İtaliya yığmasının keçmiş oyunçusu Valentina Serena ilə danışıqları müsbət yekunlaşdırıb. Flier Azərbaycan voleybolsevərlərinə yaxşı tanışdır. Ötən il "Azəryol”da ("Azərreyl”) oynayan 29 yaşlı legioner Rusiya "Omiçka”sına keçməyə yaxın olsa da, son anda fikrini dəyişərək ölkəmizdə qalıb. Serena isə "İqtisadçı”ya Polşanın "Bank Fakro” klubundan transfer olunub. 32 yaşlı toppaylayıcı yığması ilə 1998 ildə Avropa çempionu olub. O, həmçinin Polşa çempionluğunu, ölkə və CEV kubokunu qazanıb.