Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Natalya Məmmədova açıqlama verib. Hazırda Rusiyanın "Omiçka” klubunda çıxış edən voleybolçu son mövsümdə keçirdiyi oyunlar barəsində belə deyib: "Rusiya çempionatının bütün oyunlarında mübarizə apardım. Sağlamlığım normal olduğundan özümü yaxşı tərəfdən göstərə bildim. Lakin gərginliyi ilə yadda qalan mövsüm həmişə öz fəsadlarını göstərir”.
Müəyyən müddətdir Avropa çempionatının final mərhələsinə hazırlaşan voleybolçu artıq millinin düşərgəsinə qatılıb.
O, komandamızın təlim-məşq toplanışına gec gəlməsinin səbəblərinə də aydınlıq gətirib. Təmsilçimiz vaxtını ABŞ-da həm istirahətə, həm müalicəyə sərf etdiyini bildirib: "Köhnə zədələr yenidən üzə çıxır. Buna görə də, yayda sağlamlığımla məşğul oldum. 2 ay ABŞ-da müalicə kursu keçdim, bərpa olundum. Mövsümə hazırlığı da orada başladım. Demək olar ki, hər gün 3 saat çimərlik voleybolu oynayırdım. İsti düşənə qədər öz üzərimdə çalışırdım, axşam isə idman zalına gedirdim. Ümid edirəm ki, bunların hamısı mənə xeyir verəcək və vaxtında lazımı formanı bərpa edəcəyəm”. Yığmamızın hücumçusu gələn ay başlayacaq Avropa çempionatının final mərhələsi ilə bağlı proqnozunu da verib: "Avropa çempionatında aşkar favorit görmürəm. Komandaların çoxunda nəsildəyişmə prosesi gedir. Medallar uğrunda mübarizə aparmaq şansımız var və məhz buna nail olmağa çalışacağıq. Bu məqsəd bizi birləşdirir”.
Qeyd edək ki, millimiz final mərhələsinin qrupunda Rusiya, Xorvatiya və Belarusla eyni qrupda yer alıb.