2014-cü ildə Polşa və İtaliyada keçiriləcək voleybol üzrə kişi və qadınlar arasında dünya çempionatının ilkin mərhələsinin püşkü atılıb.
Bu mərhələdə reytinqi az olan komandalar mübarizə apardığından, kişilərdən ibarət Azərbaycan millisinin də rəqibləri bəlli olub. Lüksemburqda keçirilən püşkatmanın nəticəsinə əsasən komandamız Hollandiya, Xorvatiya, Bosniya və Herseqovina millisi ilə birlikdə A qrupunda yer alacaq. Qarşılaşmalar mayın 23-dən 26-dək keçiriləcək. Reqlamentə əsasən, 7 qrupda birinci yeri tutmuş komandalar birbaşa olaraq III mərhələyə vəsiqə qazanacaqlar. İkinci yeri tutan yığmalar isə oktyabrın 2-6-da keçiriləcək II mərhələdə daha 1 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. III mərhələdə isə, Avropa Voleybol Konfederasiyasında (CEV) reytinqinə görə ən yüksək yerə sahib olan 12 kişi və 12 qadın yığması da qoşulacaq. Beləliklə, III mərhələdə 20 milli qüvvəsini sınayacaq.
CEV-in yeni qərarına əsasən, qitə çempionatında ilk 2 yeri tutacaq komanda, birbaşa olaraq dünya çempionatında mübarizə aparmaq imkanı qazandığından, onlar bu mərhələdə iştirak etməyəcəklər. Buna görə III mərhələdə kişilər 7, qadınlardan ibarət komandalar isə 8 vəsiqə uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, bu il sentyabr ayında keçiriləcək Avropa çempionatında qadın voleybolçulardan ibarət Azərbaycan yığması da mübarizə aparacaq. Millimiz Almaniya və İsveçrədə keçiriləcək EURO-2013-də finala yüksələrsə, dünya çempionatına vəsiqəni vaxtından əvvəl özü üçün təmin edəcək.