“Rabitə” “Dördlər finalı”na yüksəldi

“Rabitə” “Dördlər finalı”na yüksəldi


"Dəmiryolçular"ın isə bu mərhələyə gedən yolunu
italiyalılar bağladılar

Çempionlar Liqasında "Dördlər final"ına vəsiqə qazanan komandaların hamısının adları məlum olmaq üzrədir. Belə ki, fevralın 13-də keçirilən bir oyundan sonra növbəti mərhələyə yüksələcək daha bir klubun adı bəlli olub. ÇL-də mübarizə aparan komandalarımızdan biri - "Azərreyl" cavab görüşündə "Yamamay" klubu ilə üz-üzə gəlib. Qeyd edək ki, bu komandalar arasında təşkil olunan birinci görüşdə İtaliya təmsilçisi qələbəyə sevinmişdi. İlk hissədə 25:17 hesabı ilə məğlub olan "Azərreyl" digər iki hissəni öz xeyrinə tamamlamışdı. Lakin komandamız son iki setdə rəqibi qarşısında aciz qalmışdı. Matç "Yamamay"ın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı. İtaliyada qələbə qazana bilməyən "Azərreyl" doğma meydanda mütləq rəqibini məğlub etməli idi. Komandamız cavab görüşündə qələbə qazancağı təqdirdə, "qızıl set"də qalib gəlib, növbəti mərhələyə yüksəlmək imkanı qazanacaqdı. Əks təqdirdə, təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşmalı olacaqdı. Qarşılaşma, gözlənildiyi kimi, "dəmiryolçuların" üstünlüyü ilə başlayıb. Birinci hissədə ardıcıl hücumlar təşkil edən voleybolçularımız fərqi iki topa çatdırıb. Lakin asan məğlub olmaq istəməyən italiyanlarda hesabda önə çıxıblar. Oyuna yüksək əhval-ruhiyə ilə başlayan komandamız yenidən üstünlüyə sahib yiyələnib. Belə ki, Alessandro Çiappinin yetirmələri ardıcıl xallar qazanaraq birinci texniki fasiləyə üstün yollanıblar. Bundan sonra uğurlu çıxışını davam etdirən "Azərreyl" top fərqini bir qədər də artırıb - 10:7. İkinci texniki fasiləyə də üstün yollanan komandamız birinci hissəni qələbə ilə yekunlaşdırıb. Təmsilçilərimizin birinci hissədə əldə etdiyi qələbə arenaya toplaşmış azarkeşləri bir qədər də ruhlandırıb. Voleybolçularımız ikinci hissəyə də fəal başlayıblar.
Hər iki texniki fasiləyə üstün yollanan "Azərreyl" bu dəfə rəqibini 7 xal fərqi ilə məğlubiyyətə uğradıb. "Yamamay" taktiki gediş edərək üçüncü hissədə hesabda irəli çıxsa da, təmsilçimiz yenidən hesabı bərabərləşdirib - 19:19.
Üçüncü hissədə də inamlı təsir bağışlayan komandamız qələbə qazanıb - 25:21. Beləliklə, "Azərreyl" oyunun taleyinə "Qızıl set"də aydınlıq gətirmək şansı qazanıb. Bura da isə, bəxt təmsilçilərimizin üzünə gülməyib. Bu hissədə güclü oyun nümayiş etdirən "Yamamay" qələbə qazanaraq "Dördlər final"ına vəsiqə əldə edib.
Qeyd edək ki, bu "Azərreyl"in ikinci məğlubiyyətidir. Ötən il yarımfinal mərhələsinin bir addımlığında Bakıda "Qızıl set"də Kazan "Dinamo"suna məğlub olan təmsilçimiz bu dəfə də eyni uğursuzluqla üzləşib.
ÇL-də mübarizə aparan digər təmsilçimiz - "Rabitə" isə dünən cavab görşündə qüvvəsini sınayıb. Komandamız doğma meydanda Kazan "Dinamo"sunu qəbul edib. Qeyd edək ki, bu klublar arasında səfərdə təşkil olunan birinci oyunda "rabitəçilər" qələbə qazanmışdılar. Həmin oyun qarşılıqlı hücumlar şəraitində başlamışdı. Bu da, başa düşülən idi. Çünki meydan sahibi "Dinamo" qələbə qazanıb səfər oyununa yüksək əhval-ruhiyə ilə yollanmaq əzmində idilər. Təmsilçilərimiz isə oyunun taleyini "Qızıl set"ə saxlamaq istəmirdilər. Kazan təmsilçisi, birinci hissənin ilk texniki fasiləsinə 2 xal üstün yollanmışdı. İkinci texniki fasiləyə 2 top irəlidə çıxan voleybolçularımız bundan ruhlanaraq üstünlüklərini daha da artırmışdılar. Beləliklə, birinci hissə 6 top fərqi ilə təmsilçimizin xeyrinə yekunlaşmışdı - 25:19. İlk hissədən inamlı təsir bağışlayan komandamız ikinci hissənin birinci və ikinci texniki fasilələrinə 1 top fərqi ilə geridə yollanmasına baxmayaraq, ardıcıl 4 xal qazanaraq, hesabda önə keçmişdilər. Lakin komandamız bu üstünlüyünü sona qədər qoruya bilməmişdi. Yekunda meydan sahibləri qələbəyə sevinmişdilər. Ötən il Qətərin paytaxtı Dohada təşkil olunan dünya çempionatında gümüş medal qazanan Rabitə" üçüncü hissəni 5 top fərqi ilə qalib bitirmişdi. Meydan sahibi yaxşı başa düşürdü ki, qalib gələ bilməsə, səfər oyununa məğlub yollanacaq. Bu da komandanın növbəti mərhələyə çıxmaq imkanlarını sual altına qoyacaqdı. Lakin meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq təmsilçilərimiz 4-cü hissədə də qalib gəlmişdi. "Rabitə"nin İtaliyada əldə etdiyi qələbədən sonra voleybolçularımızın doğma meydanda təşkil olunacaq görüşdə də azarkeşlərini sevindirəcəyi gözlənilən idi. Çünki komanda bu mövsüm təşkil olunan ev oyunlarının heç birini məğlubiyyətlə bitirməyib. Bundan əlavə, Marçello Abbondanzanın rəhbərliyi altında avrokubok oyunlarında hələki məğlubiyyətlə üzləşməyən "Rabitə" qələbə seriyasını da davam etdirmək niyyətində idi.
Oyuna gəldikdə isə birinci hissədə "rabitəçilər" qələbə qazanıb. İkinci hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komandamız qələbəyə sevinib. Növbəti hissədə isə təmsilçilərimiz 6 top fərqi ilə məğlub olublar. Dördüncü hissədə də qələbə qazanan "Rabitə" "Dördlər final"ına vəsiqə qazanıb.

Çempionlar Liqası
1/3 final mərhələsi
Cavab oyunu
13 fevral
"Azərreyl" (Azərbaycan) - "Yamamay" (İtaliya) - 3:0 (25:23, 25:18, 25:21)
Qızıl Set: 11:15

Hakimlər: Arturo di Giakomo (Belçika), Lusian-Vasile Nastase (Rumıniya)
Bakı, Voleybol Mərkəzi

Birinci oyun
"Yamamay" (İtaliya) - "Azərreyl" (Azərbaycan) - 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)

Cavab oyunu
14 fevral
Cavab görüşü
"Rabitə" (Azərbaycan) - "Dinamo" (Kazan, Rusiya) - 3:1 (25:18, 25:14, 19:25, 25:20)
Hakimlər: Karin Zaharçova (Çexiya), Alin Mateyzer (Rumıniya)
Bakı, "Sərhədçi" Olimpiya Mərkəzi

Birinci oyun
"Dinamo" (Kazan, Rusiya) - "Rabitə" (Azərbaycan) - 1:3 (19:25, 25:23, 20:25, 21:25)