"Qarabağ" vahid lider oldu

"Qarabağ" vahid lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib. Günün yeganə oyununda "Qarabağ" komandası "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"da təşkil olunan qarşılaşmada meydan sahibləri 6:1 hesabı ilə qələbə qazanıblar. Oyunda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fərqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Qarabağ" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pillədə qərarlaşıb.

Turun bu günə nəzərdə tutulan digər oyunu olan "Sabah" - "Səbail" matçı qonaqların heyətində koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.