Azərbaycan Alpinizm Federasiyasının üzvləri Firuz Dadaşov və Sirxan Məmmədov Tyan-Şan dağlarının "Xan Tenqri" (7010 m.) zirvəsinə çatıblar. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, bu barədə Firuz Dadaşov peyk telefonu vasitəsilə məlumat verib. İdmançımızın sözlərinə görə yürüşə pis hava şəraiti və güclü qar mane olsa da, bütün çətinliklərə baxmayaraq alpinistlərimiz zirvənin fəthinə nail olublar. Artıq idmançılarımız baza düşərgəsinə eniblər. Onlar uzun və ağır yürüşdən sonra düşərgədə bir neçə gün istirahət edəcəklər. Daha sonra isə alpinistlərimiz "Qələbə" zirvəsini fəth etmək üçün yürüşə başlayacaqlar. Xatırladaq ki, millinin üzvləri Sirxan Məmmədov və Firuz Dadaşov- 2010, 2011 və 2012-ci illərdə Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə yürüşlər ediblər. "Xan Tenqri” və "Qələbə” zirvələrini fəth etdikləri halda idmançılarımız "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr - "Xan Tenqri”(7010 m.), "Qələbə”(7439 m.), "Lenin”(7134 m.), "Korjenevskaya”(7105 m.), "Kommunizm”dir (7495 m.). "Qar bəbiri" adını, yarıməsrlik tarixi ərzində 621 alpinist ala bilib.
Qeyd edək ki, bu titula Azərbaycan tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.