Xəbər verdiyimiz kimi, Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və vitse prezident Yan Xronek ölkəmizə rəsmi səfərə gəliblər. Azərbaycan Voleybol Federasiyası ilə qrum rəhbərliyi arasında 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı müzakirələr aparılıb. Məlumat üçün bildirək ki, I Avropa Oyunlarının proqramına voleybol və çimərlik voleybolu daxil edilib.
"Avropa Voleybol Konfederasiyasının rəhbərliyi Bakı səfəri zamanı ölkəmizdəki infrastrukturla və voleybolçuların qalacaqları yerlə tanış olub. Onlar bütün gördüklərindən razı qalaraq görülən işləri yüksək qiymətləndiriblər”. Bu sözləri Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis bildirib ki, qonaqlar voleybol və çimərlik voleybolu üzrə yarışlarında keçiriləcəyi I Avropa Oyunlarına ölkəmizin hazır olduğunu bildirib: "Voleybol komandaları Azərbaycana ümumilikdə 550 nəfərlik nümayəndə heyəti ilə gələcək. Bu rəqəm digər idman növləri ilə müqayisədə ən yüksək göstəricidir”, - deyə o bildirib.