2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunları çərçivəsində voleybol və çimərlik voleybolu üzrə yarışların keçirilmə sisteminə aydınlıq gətirilib. Azərbaycana səfəri çərçivəsində mətbuat konfransı keçirən Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer bu barədə açıqlama verib. Qurum rəhbəri bildirib ki, voleybol yarışlarında 12 kişi və 12 qadın yığması qüvvəsini sınayacaq. Çimərlik voleybolunda isə 32 komanda mübarizə aparacaq. Avropa Oyunlarına vəsiqələrin qazanılması üçün heç bir seçmə mərhələ olmayacaq. İştirakçıların kimliyinə isə 2015-ci ilin yanvarın 1-də açıqlanacaq reytinq cədvəlindən sonra aydınlıq gələcək. Həmin siyahıda Avropa voleybol yığmaları arasında ilk 11, çimərlik voleybolu cütlükləri arasında isə ilk 31 yeri tutanlar paytaxtımıza gələcəklər. Yalnız ölkəmiz, təşkilatçı kimi, yarışın hər birində təmsil olunmaq hüququ əldə edib. London Olimpiadasında olduğu kimi, Bakıda da kişilər bir gün əvvəl, qadınlar ertəsi gün mübarizə aparacaqlar. Voleybol yarışlarının mükafatçılarının adına 2 həftə ərzində aydınlıq gələcək. Çimərlik voleybolu da Avropa Oyunlarının ilk həftəsindən başlayacaq. Çünki onlar 2015-ci ilə təsadüf edəcək digər məsul yarışa - Hollandiyadakı qitə birinciliyinə hazırlaşmaq üçün də vaxt tapmalıdırlar.