Voleybolçularımız beynəlxalq turnirin qalibi olublar

Voleybolçularımız beynəlxalq turnirin qalibi olublar


Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçularımız Bakıda keçirilən beynəlxalq turnirin qalibi olublar. Faiq Qarayevin yetirmələri hər 3 görüşünü inamlı qələbə ilə bitiriblər.
Belə ki, ilk matçda "Uraloçka”ya 3:0 (25:20, 25:20, 27:25) hesabı ilə qalib gələn komandamız ikinci sınağında rəqibin əvəzedici heyəti ilə üz-üzə gəlib. Voleybolçularımız bu dəfə də (25:21, 25:20, 25:21) qələbə qazanıblar. Üçüncü oyununda Avropa çempionatının ev sahiblərindən biri olan İsveçrə ilə gücünü yoxlayan millimiz yenə məğlub olmayıb - 3:1 25:21, 16:25, 25:20, 26:24).
İkinci yeri yalnız əsas komandaya məğlub olan əvəzedicilər qazanıb. "Uraloçka”nın 3-cü olduğu turnirdə İsveçrə yığması sonuncu olub.
Məlumat üçün bildirək ki, ıyun ayından Avropa Çempionatının finalına hazırlıqlarına start verən milli komandamız əvvəlcə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq prosesi keçdi. Ötən ay isə yığmamız qitə çempionatının final mərhələsinə hazırlıq xarakteri məqsədi ilə Qazaxıstanın Pavlodar şəhərində 20-ci dəfə keçirilən "Prezident Kuboku” turnirində qüvvəsini sınadı. Lakin komandamız bu turnirdə ona bəslənilən ümidləri doğrulda bilmədi. Millimiz birinci turda Çinin "Lyaonin” klubu ilə qarşılaşmışdı. Birinci hissədə təmsilçilərimiz pis oyun nümayiş etdirmədilər. Bərabər səviyyədə keçən görüşdə sevinən tərəf "Lyaonin” klubu oldu. Onlar təmsilçilərimizi iki xal fərqi ilə üstələdi. İkinci hissədə də millimiz özlərinə layiq olan oyunu göstərə bilmədilər. Üçüncü hissədə isə təmsilçilərimiz öz oyunlarını nümayiş etdirə bildilər. Belə ki, voleybolçularımız bu hissədə qalib gəldilər. Lakin bu, onların görüşdə qazandıqları ilk qələbə oldu. Növbəti hissədə də 4 top fərqi ilə yığmamızı məğlubiyyətə uğradan Çin təmsilçisi ilk turda qalib gəlmişdi. İkinci turda isə komandamız meydan sahiblərinin ikinci komandası ilə qarşılaşmışdı. Voleybolçularımız birinci turda olduğu kimi, ikinci turda da onlara bəslənilən ümidləri doğrulda bilmədilər. Üçüncü turda isə komandamız Qazaxıstan yığmasının əsas komandası ilə qarşılaşmışdı. Bu oyunda komandamıza qələbə mütləq lazım idi. Çünki iki turda komandamız məğlubiyyətlə üzləşmişdi. Birinci hissə komandamız üçün yaxşı başlamadı. Belə ki, meydan sahibləri təmsilçilərimizi 10 top fərqi ilə məğlubiyyətə uğratdı. İkinci hissə də Qazaxıstan millisinin qələbəsi ilə yekunlaşdı. Növbəti hissədə isə yığmamız öz oyununu nümayiş etdirərək qalib gəldi. Dördüncü hissə də, komandamızın xeyrinə yekunlaşdı. Qalibin adına aydınlıq gətirmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı oldular. Burada isə, bəxt bizdən üz döndərdi. Meydan sahibləri bu hissədə də qalib gələrək aktivlərinə növbəti xalları əlavə etdilər. Yığmamız dördüncü turda Rusiyanın "Uraloçka” klubunun əvəzedicilərinə məğlub oldu. Rəqib hər 3 setdə millimizdən üstün olub. "Lyaonin”ə (Çin) qalib gələn Qazaxıstan millisi isə vaxtından əvvəl çempionluğu bayram etdi. Komandamız sonuncu turda Belarus millisi ilə qarşılaşdı. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşdı. Beləliklə, komandamız bütün oyunlarda məğlub olaraq özlərinə layiq olan oyunu göstərə bilmədilər. Daha sonra yığmamız Türkiyədə təlim məşqlərini davam etdirdi. Qeyd edək ki, Türkiyə millisi də Avropa Çempionatının finalında mübarizə aparacaq. Millimiz qonşu ölkənin komandası ilə bir neçə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri birinci oyunda 3:0 hesabı ilə məğlub olublar. Belə ki, voleybolçu qızlarımız birinci hissədə 8 top fərqi ilə məğlubiyyətə uğrayıblar. İkinci hissədə də komandamız qələbə qazana bilməyib. Üçüncü hissədə isə qarşılaşmanın taleyinə aydınlıq gəlib. 6 top fərqi ilə komandamızdan üstün olan Türkiyə millisi qalib olub.
Komandamızın yarışa qədər bir neçə yoldaşlıq oyunun da qüvvəsini sınayacağı gözlənilir.