Dünya Qran-prisinin ən yaxşı voleybolçularının adları məlum olub

Dünya Qran-prisinin ən yaxşı  voleybolçularının adları məlum olub


Qadın voleybolçular arasında keçirilən dünya Qran-prisinin 3 mərhələsindən sonra ən yaxşı voleybolçuların adları məlum olub. 9 turun yekununa əsasən müəyyənləşən siyahının ilk "üçlüyü”ndə Azərbaycan klublarında mübarizə aparan voleybolçularında adı var.

7 nominasiyadan 3-nün qalibi voleybolsevərlərimiz üçün yaxşı tanışdır. Belə ki, "Rabitə” ilə Azərbaycan çempionu olan dominikalı Brenda Kastillo ən yaxşı liberoların siyahısına başçılıq edir. 
Onu "Lokomotiv”in yeni transferi - almaniyalı Lenka Dürr izləyir. Hər 2 voleybolçunun yığması final mərhələsinə yüksələ bilməyib. 
Ötən il "İqtisadçı” ilə Super Liqanın gümüş medalını qazanan tailandlı Nutsara Tomkom da öz mövqeyində birincidir. Yığmasının 13-cü yeri tutmasına baxmayaq, asiyalı çıxış etdiyi yarışlarda ən yaxşı toppaylayıcı olmasını yenə sübut edə bilib. Onunla yanaşı, "Rabitə” ilə ardıcıl 2 dəfə Azərbaycan çempionu olan Dobriana Rabadjiyeva da topqəbulunda bütün rəqiblərini qabaqlayıb. 
Həmçinin, "Rabitə”nin yeni transferi Katarjina Skovronska ən çox fərqlənən voleybolçular siyahısında ötən mövsüm "Lokomotiv”də çıxış edən Aneta Havlikova (Çexiya) ilə 3-4-cü yerləri bölüşdürüblər. Polşalı hücumçunun aktivində 168 xalı var. Bunlardan 143-ünü hücumda qazanan Skovronskanın 14 bloku keçilməz, 11 servisi isə qarşısı alınmaz olub. 
Qeyd edək ki, final mərhələsinə yüksələn yığmalarda da Azərbaycanda oynayan voleybolçular var.